Ərşad Hüseynov: “Bu dəyişiklik sadəcə texniki xarakter daşıyır”

5-05-2018, 09:10           
Ərşad Hüseynov: “Bu dəyişiklik sadəcə texniki xarakter daşıyır”
Nazirlər Kabineti “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, indiyə qədər qüvvədə olan Qaydaya əsasən avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin, yerli icra hakimiyyəti orqanlarının və Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçirilib. Dəyişikliyə əsasən artıq bu məsələdə yerli icra hakimiyyəti orqanlarından icazə alınmayacaq. Çünki qeyd etdiyimiz qurumun adı qərardan çıxarılıb.

Bu dəyişiklik mətbuatda yerli icra hakimiyyətlərinin daha bir səlahiyyətinin əlindən alınması kimi qiymətləndirilib. Bəs görəsən, həqiqətən belədirmi?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Yeni Müsavat”a açıqlamasında bu dəyişikliyin sadəcə texniki xarakter daşıdığını və mətbuatdakı iddiaların əsassız olduğunu dilə gətirdi: “Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Burada yolların çəkilməsindən deyil, yollardakı kommunikasiya xətlərinin yerinin dəyişdirilməsindən, təmirindən söhbət gedir. Bu qərar qəbul olunan zaman orada səhvən qeyd olunmuşdu ki, bu işlərə yerli icra hakimiyyəti orqanları da icazə verməlidir. Ancaq orada icra hakimiyyətlərindən asılı olan bir iş yoxdur. Tutaq ki, yolun altında bir boru var, onun təmiri və ya yerinin dəyişdirilməsi üçün icra hakimiyyətlərindən icazə almağa ehtiyac yoxdur.
Bu qərardan həmin hissənin çıxarılması yerli icra hakimiyyətlərinin səlahiyyətinin ləğv edilməsi demək deyil, boş və mənasız bir şeydir. Sadəcə bir texniki səhvin düzəldilməsidir".

Ekspertin sözlərinə görə, hazırda yollarda aparılan işlər bir neçə qurumun iştirakı ilə həyata keçirilir: “Yolların və yollardakı kommunikasiya xətlərinin təmirini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” və həmin kommunikasiya xətlərinin mülkiyyətçisi olan dövlət qurumları həyata keçirir. Bu işlərin aparılması yolda hərəkətə təsir etdiyinə görə, Dövlət Yol Polisi ilə də razılaşdırılır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.