Novruz Məmmədovun yerinə təyinat nə zaman olacaq...

8-05-2018, 08:29           
Novruz Məmmədovun yerinə təyinat nə zaman olacaq...
Politoloq: “Ölkə prezidenti bu postu uzun müddət boş saxlamayacaq”

Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin (NK) yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, NK-nın tərkibində xeyli dəyişikliklər oldu. Eyni zamanda illərdir baş nazir postunu tutan Artur Rasi-zadə də Novruz Məmmədovla əvəzləndi. Novruz Məmmədov baş nazir təyin olunmazdan öncə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində idi. Artıq 3 həftəyə yaxındır ki, bu vəzifə boş qalıb.

Yeni hökumətin formalaşmasından sonra boş qalan bəzi yerlərə müxtəlif şəxslərin təyin oluna biləcəyi ilə bağlı mətbuatda proqnozlar verildi. Xüsusilə də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu ilə bağlı xeyli namizədin adı çəkildi. Lakin Novruz Məmmədovun yerinə kimin təyin olunacağı hələ ki sirr olaraq qalır. Bu barədə indiyə qədər mətbuatda hər hansı bir müzakirə, proqnoz verilməyib.

Belə bir vəzifənin boş qalmasının dövlət üçün hansı təsirləri var?

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, ölkə başçısı qərar verən zaman bütün nüansları nəzərə alır: “Bizim xarici siyasətdə ən aktual məsələ Dağlıq Qarabağ mövzusudur. Hazırda Ermənistanda baş verənlər heç kimə sirr deyil. Bu hadisələr Dağlıq Qarabağ tənzimlənməsi ətrafındakı prosesləri bir xeyli yubadıb. Ola bilər ki, Ermənistanda bu münaqişə üzrə danışıqları aparmağa legitimliyi çatan, effektivliyi olan hökumət hələ uzun müddət qurulmasın. Orada, məsələn, sabah Paşinyan baş nazir seçilsə də, bu, onun Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları aparmağa hazır olmasının göstəricisi deyil. Eləcə də Paşinyan qısa müddətdən sonra hakimiyyətdən uzaqlaşdırıla da bilər. İnqilabi prosesdə hər şey gözləmək mümkündür. Ermənistan bu inqilabla xaos dövrünə qədəm qoydu və orada bəzi proseslər hələ xeyli müddət təkrarlanacaq. Ola bilər ki, hakimiyyətlər də tez-tez dəyişsin. Əgər Ermənistanda prezident üsul-idarəsi qalsaydı və Serj Sərkisyan da prezident olsaydı, o, bu andan istifadə edəcəkdi. Azərbaycana beynəlxalq ictimaiyyətin təzyiqini yönəldə bilərdi. Ona görə də hesab edirəm ki, indiki vəziyyət çox da təhlükəli deyil. Elə başa düşürəm ki, ölkə prezidenti bu postu uzun müddət boş saxlamayacaq. Təkcə bir post deyil. Bir neçə belə post var ki, hələ ki boş qalıb. Bu yerlərə də hesab edirəm ki, yaxın zamanlarda təyinatlar olacaq. Bizim xarici siyasətdə digər aktual istiqamətlər də var. Belə ki, Trampın ətrafında artıq konkret olaraq İrana qarşı müharibədən danışılır. Bunun müəyyən əlamətlərini artıq görürük. İrana qarşı nə baş verirsə, bu ölkə çalışır ki, bunu Azərbaycanın üstünə qoysun. İranın siyasəti o qədər də güclü deyil. Bu siyasəti quranların özləri də heç siyasətlərinə inanmırlar. Ona görə də onlarda şübhə çoxdur. Şübhənin də çoxu Azərbaycanın üstündədir. Novruz müəllimin gördüyü işlərdən biri də İran istiqamətində idi. İranla bağlı siyasətimizin dini və digər bu kimi aspektləri də var. Ölkə prezidenti dəfələrlə sübut edib ki, o, hədsiz dərəcədə dəqiq, önləyici addımları atmağı bacarır. İndi də əgər yubadırsa, deməli, onun özünün məqsədi var. Çünki ölkə prezidenti hadisə yaradan zaman bunu hərtərəfli olaraq fikirləşir. O, təkcə Azərbaycan amilini nəzərə almır. Məkanla bərabər, həm də zaman amilini düşünür. Sabah Dağlıq Qarabağla da bağlı olan danışıqlarda aktivlik yaranarsa, Novruz Məmmədov bu işlərdə aktiv olacaq”.

Politoloq bildirib ki, Novruz Məmmədovun təyinatının bir neçə məqamları var: “Onlardan biri də Novruz Məmmədovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları aparmağa hazır olmasıdır. Yəni o, baş nazir kimi həm də münaqişə ilə bağlı danışıqları apara bilər. Hər kəs gördü ki, Sərkisyan hansı oyunlara əl atdı. Deməli, sabah Ermənistan tərəfdən təşəbbüs gələn kimi Azərbaycan prezidenti iştirak etməsə də Novruz Məmmədov baş nazir statusunda danışıqlara qatılacaq. Eləcə də deyim ki, Dağlıq Qarabağ danışıqları ilə bağlı prezidentin Rövşən Rzayev təyinatı da çox uğurlu oldu. Çünki bu vaxta qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mənzil paylamaq işlərinə baxırdı. Ancaq indi konkret olaraq siyasi idarəyə çevrilib. Eləcə də İran, Rusiya, Türkiyə istiqamətində də bəzi aktivləşən məsələlərimiz var. Ancaq buna rəğmən hesab edirəm ki, ölkə prezidenti bütün bunları nəzərə alır. O, hər təyinatı öz vaxtında edəcək”.

Novruz Məmmədov əvvəlki vəzifəsində olduğu zaman Qarabağla bağlı görüşlərdən sonra sosial şəbəkələrdə fikirlərini yazıb, görüş barəsində məlumatlar paylaşırdı. Mübariz Qurbanlı hesab edir ki, bu vəzifəyə təyinat alacaq olan şəxs də sosial şəbəkələrlə işləməyi bacarmalıdır: “Prezidentin təyinatına fikir verdikdə görürük ki, yeni təyin olunan şəxslərin hamısı cavanlardır. Onlar həm də müasir texnologiyanı, müasir elmi çox gözəl şəkildə bilirlər. Lazım olacaqsa, bu şəxslərin hamısı sosial şəbəkələrdə aktiv olacaqlar. Novruz Məmmədovun yerinə olan təyinata gəlincə isə ağlıma gətirə bilmirəm ki, beynəlxalq əlaqələr şöbəsinə təyin olunacaq adam sosial şəbəkələrdən məlumatsız olsun. Bu, mümkün deyil. Prezidentin özünün dünya görüşü ilə də bu məsələ ayaqlaşmır. Ona görə də hesab edirəm ki, Novruz Məmmədovun yerinə də gənc adam təyin olunacaq. Həmin şəxs həm beynəlxalq siyasəti, həm də Azərbaycanın xarici siyasətini, təbliğat mexanizmini çox gözəl biləcək, sosial şəbəkələrdə də aktiv olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.