Alman faşizmi üzərində qələbə 73-cü ildönümü

9-05-2018, 08:25           
Alman faşizmi üzərində qələbə 73-cü ildönümü
Alman faşizmi üzərində qələbədən 73 il keçir.
teref.az yazır ki, faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".
Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.


Vilhelm Keytelin danışıqsız təslim aktını imzalaması
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.
Bu il - 2018-ci ilin aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Sərəncam 11 193 nəfərə şamil olunub.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.