Azərbaycanda 541 Böyük Vətən müharibəsi iştirakçısı qalıb

9-05-2018, 09:54           
Azərbaycanda 541 Böyük Vətən müharibəsi iştirakçısı qalıb
Onların sosial təminatı necə həyata keçirilir?
Bu gün 9 May faşizm üzərində Qələbə günüdür. Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial təminatı məsələsi daima dövlətin diqqətindədir. Azərbaycanda bu qəbildən olan insanların pensiya təminatı, sosial müdafiəsi necə həyata keçirilir? Onlar hansı əlavə təminatlar alırlar?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, 2006-cı ildən Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələr hesablanır, 2008-ci ildən Böyük Vətən müharibəsi əlillərinə Azərbaycan prezidentinin təqaüdlərinin təyin olunmasına başlanılıb. Həmçinin Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına və növbəlilik qaydasında minik avtomobili və mənzillə təminatı da həyata keçirilir.

Qeyd edək ki, tarixin ən qanlı müharibəsində Azərbaycanın 640 mindən çox sakini iştirak edib. Onların təxminən yarısı döyüşlərdə həlak olub. Döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Müharibə vaxtı ön cəbhədə göstərdikləri şücaətə görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub. Bundan əlavə, 30 nəfər müharibə iştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif edilib.

1994-cü ildə ölkədə “Veteranlar haqqında” qanun qəbul edilib. Adıçəkilən qanunla İkinci Dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər müharibə veteranı kimi tanınıb.

1995-ci ildə Böyük Vətən müharibəsi iştirakçılarının həlak olan, yaxud sonralar vəfat edən döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və medallarla təltif edilən vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında fərman imzalanıb. Fərmanla bütün müharibə iştirakçılarına və ya onların dul qalan arvadlarına birdəfəlik yardımlar edilib. Bu insanlar həmçinin kommunal, nəqliyyat və digər xidmətlərə görə ödənişlərdən azad olunublar. 2005-ci ildə bu güzəştlər müavinətlə əvəz edilib.

Qeyd edək ki, Böyük Vətən müharibəsi iştirakçılarının pensiya təminatı da digərlərindən fərqləndirilir. 2012-ci ilin sonunda “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikdən sonra Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə əlavə artırılaraq, 50 faizdən 90 faizə çatdırılıb.

Prezidentin fərmanı ilə Böyük Vətən müharibəsi əlillərinə verilən təqaüdlər bu ilin fevralından 10 faiz artırılıb.

Bundan başqa, hər il olduğu kimi, bu il də 9 May Qələbə Günü ərəfəsində prezident 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncam ümumilikdə 10 962 nəfər şəxsə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 541 nəfərin hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Qalan 10 421 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin ailə üzvlərinin hər biri 500 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.

Xatırladaq ki, qeyd olunan şəxslərə birdəfəlik maddi yardım verilməsi üçün 2017-ci il dövlət büdcəsindən 5,9 milyon manat vəsait ayrılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.