Marneulidə azərbaycanlılarla bağlı nə baş verir?
15-06-2018, 10:23
Deputat Azər Süleymanova qarşı cinayət işinin açılması proseslərin xoşagəlməyən macəraya doğru getdiyini göstərir; Bakıdan reaksiyalar
Son günlər Gürcüstanın Marneuli rayonunda baş verənlər Azərbaycanı da ciddi narahat edir. İlk olaraq, rayonun azərbaycanlı icra başçısı Temuz Abazovun saxlanılması və ardınca Gürcüstan Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanova qarşı cinayət işinin açılması proseslərin xoşagəlməyən məcraya doğru getdiyini göstərir.
Məlumat üçün bildirək ki, azərbaycanlı icra başçısı və deputatın başına gələnlər bir hadisədən qaynaqlanır. İyunun 11-də Tiflisdə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs facebook üzərindən canlı yayım edərək T.Abazov və Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb. Görüntülərdə T.Abazovun da olduğu iddia edilir. Video qısa müddət ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub. T.Abazov öz növbəsində görüntülərdən xəbəri olmadığını bildirib. Gürcüstan Baş Prokurorluğu A.Süleymanovu Marneuli sakininə qarşı zorakılıqda ittiham edir.
Proseslərin bu şəkildə davamının Gürcüstan-Azərbaycan münasibətlərinə də ciddi zərbə vura biləcəyi ehtimal edilir. Azərbaycan XİN-in məsələ ilə bağlı mövqe bildirməsi vacib hesab olunur. Əksəriyyət bu basqıların təsadüf olmadığını, bir gürcü şəhərinin icra başçısının deputatının azərbaycanlı olmasını Gürcüstan iqtidarının həzm edə bilmədiyini və bu səbəbdən hər iki şəxsi bu cür yollarla sıradan çıxarmaq üçün hərəkətə keçdiyini düşünür. Bunun əksini düşünərək, məsələnin araşdırılmasından sonra Azərbaycan tərəfin mövqeyini bildirməsini vacib sayanlar da var.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın Gürcüstanda həyata keçirdiyi yüksək tədbirlərin ən mühüm hədəflərindən biri orada yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının, mənafelərinin qorunması, mədəni durumlarının, həyat tərzlərinin yaxşılaşdırılması, dövlətimiz tərəfindən əlavə yardımların göstərilməsidir: “Bu çox önəmli bir məsələdir. Dövlətlərarası əlaqələr qurularkən orada yaşayan etnik, milli topluluqlar amili nəzərə alınır. Bir sıra sahələrdə Gürcüstandakı soydaşlarımızın problemləri hələ də qalmaqdadır. Son həbslərdə milli-etnik əlamətlər varmı və ya Gürcüstan hakimiyyətində təmsil olunan müəyyən qrupların işidimi, burada xarici kəşfiyyat orqanlarınınmı Azərbaycan-Gürcüstan arasında münasibətləri pisləşdirmək niyyətləri var kimi suallar mövcuddur. Bu adi bir hadisədirmi, onun üzərində siyasi rənglər axtarmayaqmı kimi suallar da ola bilər. Bunların hamısı mütləq müvafiq orqanlar tərəfindən araşdırılmalıdır. İstəmərəm ki, bizim parlament üzvlərinin verdiyi şərhlər hökm kimi təsir bağışlasın. Hər zaman dediyim kimi, bir daha dilə gətirirəm ki, Gürcüstan dövlətçiliyi ayaqda qalmasına görə Azərbaycana borclu olduğunu qətiyyən hiss etmir, duymur. Gürcü elitası kifayət qədər etibarsızlıqlar nümayiş etdirir.
Sanki onlar Ermənistan-Azərbaycan münaqişəsindən daha çox qazanmaqda davam edirlər. Bunlar həqiqətdir, inkar etmək olmaz. Azərbaycanlılar orada separatçılıqda heç zaman özlərini göstərməyiblər. Hətta mədəni muxtariyyət məsələsini belə qoymurlar. İdarəçilikdə təmsil olunmadakı kvota məsələsini belə qoymuruq. Şübhəsiz ki, Azərbaycan tərəfi orada yaşayan insanlarımızın dil öyrənmələrinə böyük önəm verir. İstərəm ki, soydaşlarımız yüksək təhsilə yiyələnsinlər, bunun üzərindən Azərbaycan daha da şaxələnmiş olsun, o qüvvələrə söykənə bilsin. Gürcüstan dövlətçiliyinin içərisində yer alanların bilirsiniz ki, böyük əksəriyyəti etnik-milli kökəninə görə qarışıqdırlar, onları təyin etmək çox çətindir. Ad-soyad özü kimi səslənəcək, amma mahiyyətləri tamam fərqli olacaq. Onlar sanki bizdən daha çox güzəşt qoparmaq üçün daim fəaliyyət aparmaqdadırlar. Çox arzulayırıq ki, orada bizimlə bağlı problemlər, konkret olaraq, son həbslərlə bağlı bizi qane edən mövqelər təqdim olunsun. Bu məsələyə araşdırma olmadan reaksiya verilməsinin qəti əleyhinəyəm. Azərbaycan prezidenti daim bu tipli məsələlərdə vətəndaşlarının mövqeyini qoruyub. Məsələnin tam detalları üzə çıxandan sonra daha soyuqqanlı qiymət verə biləcəyik”.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, Gürcüstanda gərgin siyasi proseslər gedir: “Artıq Gürcüstanda baş nazir istefaya gedib, qarşıda yeni dəyişikliklərin olacağı gözlənilir. Hətta TANAP-ın açılışına gürcü hakimiyyətindən bir rəsminin belə qatılmaması da ciddi suallar doğurur. Marneulidə baş verən hadisələr təəssüf doğurmağa bilməz. Gürcüstan qanunvericiliyində həm icra başçıları, həm də bələdiyyələr seçki yolu ilə müəyyən edilir. Temuz Abasov seçki yolu ilə Marneulidə icra başçısı oldu. Bu da bir ilk idi ki, azərbaycanlı bu vəzifəyə gəldi. Bütün hallarda bu bir müsbət yenilik idi. Bu şəxs səsləndirdiyimiz problemlərlə bağlı daha radikal islahatlar apara bilərdi. Lakin o, sadəcə, bir icra başçısı oldu. Hazırda baş verən hadisə çox utanc gətirən bir şeydir. Biri digərini söyür, hətta onun ailəsini belə söyüşlə dilinə gətirir. Yəni başından böyük qələt etdi. Amma bunun cəza yolu küncdə, bucaqda olmamalıdır. Ortada bir hüquq var və bununla hərəkət edilməli, yaxud ictimailəşdirmədən danışıqlar olmalıdır. Lakin azərbaycanlı icra başçısının adının daha eybəcər formada qisas halında hallandırılması, digər tərəfdən, uzun müddət Gürcüstan parlamentindəki azərbaycanlı fəallardan sayılan Azər Süleymanovun adının burada keçməsi bizi çox üzən bir məsələdir. Bütün bunlar bir sıra fəallarımızın sıradan çıxması deməkdir. Amma sıradan çıxırlar, yoxsa çıxarılırlar?
Bax bu sualların cavabı lazımdır. İstənilən halda indi seçilən metod qanundan kənardır. Heç zaman ona bəraət verə bilmərəm ki, insan cinayətkar olsa belə onunla bu cür davranılsın. Gürcüstan bütün hallarda demokratik islahatlara qədəm qoyub, Avropa yolu gedir. İcra başçısı və deputatla bağlı ittihamlar əgər təsdiqini taparsa, bəraət vermə imkanları məhduddur. Bu cür halları hər zaman qınamışam, yenə də qınayıram. İstintaq getməli, özü də şəffaf aparılmaldır. Bu istintaq media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə getməlidir. Yalnız bu halda hadisənin əsl mahiyyəti üzə çıxar. Burada provokasiya da, digər hallar da ola bilər. İndiki halda bu məsələnin siyasiləşdirilməsini doğru hesab etmirəm. İki dövlət arasında bu hadisə dövlətlərarası əlaqələrdə gərginliyi yaratmağa əsas verməməlidir. Biz məsələyə daha dözümlü yanaşaraq, prosesin hüquq müstəvisinə getməsinin tərəfində olmalıyıq. Çox istərdim ki, istintaq bu soydaşlarımızın günahsız olduqlarını sübut etsin. Təbii ki, o imkanlar məhduddur”.