Bakının keçidləri: əlillər niyə unudulub? - Video-Reportaj

16-06-2018, 12:30           
Bakının keçidləri: əlillər niyə unudulub? - Video-Reportaj
Ekspert:"Monitorinq aparsaq görərik ki, əlilliyi olan şəxslər onlar üçün yollarda quraşdırılan infrastrukturdan istifadə edə bilmirlər"
BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının icrasına dair hesabatında qeyd edilib ki, Bakıda 57 yeni keçid tikilib və hər birində əlilliyi olan şəxslər üçün müvafiq tədbirlər görülüb. Bundan əlavə bu ilin fevral ayında Bakı Nəqliyyat Agentliyi açıqlama yayaraq bildirdi ki, Bakıda 200-ə yaxın pandus quraşdırılıb.

"Yeni Müsavat" ın reportyor qrupu olaraq məsələ ilə bağlı vəziyyətlə maraqlandıq. Öyrəndik ki, quraşdırılan pandusların böyük əksəriyyəti səkilərdədir. Keçidlərdə isə vəziyyət fərqlidir...

Müşahidələrimiz nəticəsində öyrəndik ki, yazılanlardan və deyilənlərdən fərqli olaraq, Bakının mərkəzində yerləşən əksər yeraltı keçidlərdə əlilliyi olan şəxslərin hərəkətinə şərait yaratmaq unudulub.

Belə ki, paytaxt ərazisində bir çox keçidlərdə əlillərin hərəkəti üçün nəzərdə tutulan xüsusi qurğular ya quraşdırılmayıb, yaxud da bunlar işlək vəziyyətdə deyil.
Müşahidə etdik ki, metronun “Sahil” stansiyasının qarşısındakı “Bulvar” istiqamətinə doğru olan yeraltı keçidlərin heç birində fiziki məhdudiyyətləri olan şəxslər nəzərə alınmayıb. Bu keçidlərə daxil olmaq üçün hərəkət edən və etməyən pilləkən mövcuddur ki, bundan da yalnız sağlam şəxslər istifadə edə bilərlər. Eləcə də Nizami küçəsindəki yeraltı keçiddə də eyni halın şahidi olduq. Burada da əlillərin hərəkəti nəzərə alınmayıb.

Hətta müşahidə etdik ki, bəzi keçidlərdə sağlam şəxslər üçün nəzərdə tutulan eskalatorlar da işləmir. İnsanlar əziyyət çəkərək, bu eskalatorları piyada çıxırlar.

Heydər Əliyev sarayının qarşısındakı yeraltı keçidə isə 4 tərəfdən daxil olmaq mümkündür. Lakin qəribə hal ondan ibarətdir ki, bu 4 girişin yalnız birində əlillərin hərəkəti üçün müvafiq pandus düzəldilib. Yəni əlil arabası ilə keçidə daxil olan fiziki qüsurlu şəxsin yolun digər tərəfinə keçməsi mümkün deyil. Belə çıxır ki, tikilən pandusdan keçidə daxil olan fiziki qüsurlu şəxs, elə burada da qalmalıdır.

Bakıda bir çox yeraltı keçidlərdə isə əlilliyi olan şəxslərin hərəkətini asanlaşdırmaq üçün pilləkənlərə xüsusi aparatlar quraşdırılıb. Qurğunun funksiyasına görə fiziki qüsurlu şəxslər əlil arabası ilə aparata daxil olurlar və aparat onları aşağı-yuxarı daşıyır. Lakin bu aparatların heç birinin işlək vəziyyətdə olmasını müşahidə etmədik. Aparatları işlək vəziyyətə gətirmək üçün xüsusi açar tələb olunur ki, qurğuların heç birində buna rast gəlmədik.

Ekspertlər bildirirlər ki, əslində normalda pandusların maililiyi 17-18 dərəcədən yuxarıdırsa, artıq yararsız sayılır. Bakıdakı keçidlərdə isə bu panduslar 30-40 dərəcədən daha çox maillidir. Belə çıxır ki, bu panduslardan düşən şəxs əlil deyilsə belə, aşağı çatanda artıq bir yerini qırmış olacaq...

Ekspert İlqar Hüseynov aşağıdakıları söylədi:

"2010-cu ildə ABŞ-da nəqliyyat təhlükəsizliyi ilə bağlı praktika keçmişik. Həmin praktikanın 2 günü yalnız bu məsələyə həsr olunmuşdu. Əlilliyi olan şəxslər üçün qurulmuş infrastrukturlarla bizi tanış etdilər. Orada bu istiqamətdə çox böyük işlər görülmüşdü və əlilliyi olan şəxslərin yol hərəkətində heç bir problemləri qalmamışdı. Geri qayıdandan sonra müvafiq qurumların nümayəndələrinə də təklif etdik ki, Azərbaycanda da bu məsələyə diqqət ayrılsın. Ancaq çox təəsüf ki, Bakı şəhərinin yolları və eləcə də digər iri şəhərlərimizdə əlillərin hərəkətini təmin etmək üçün kifayət qədər infrastruktur qurulmayıb. Hətta əlillərin Bakıda qurulmuş qurğulardan istifadə etmələri də kifayət qədər təhlükəlidir. Xüsusilə də yeraltı keçidlərdə qurulan panduslarda çox böyük maililik var. Bu isə imkan əlillər hərəkət etməyə imkan vermir. Bunun üçün ciddi işlər aparılmalı, ölçülər götürülməlidir.

Yol mütəxəssisləri hesablamalıdır ki, panduslar hansı bucaq altında qurulmalıdır. Sadəcə olaraq Bakıda bu istiqamətdə bəzi görüntü yaratmaq xatirinə işlər görülüb. Bu işlər üçün dövlət ciddi şəkildə vəsait ayırmalıdır. Bir-iki keçiddə pandusların quraşdırılması problemin həlli deyil. Bütün infrastrukturun yenilənməsinə ehtiyac var".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.