AMEA-nın vitse-prezidentinə sərt ittiham

4-07-2018, 09:07           
AMEA-nın vitse-prezidentinə sərt ittiham
Ekspert: “Məqalədə qeyd olunan fikirlər tamamilə cəfəngiyyatdan ibarətdir”
Son günlər ölkədə təbii qazın tərkibi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev Azərbaycanda əhaliyə verilən məişət qazının tərkibi barədə xəbərdarlıq edib.

İ.Quliyev bildirib ki, aparılan araşdırmalar nəticəsində əhaliyə verilən təbii məişət qazının tərkibində müvafiq normativ sənədlərin tələblərinə uyğun olmayan, yanmayan qaz qarışıqlarının, eləcə də ağır karbohidrogen qatışıqlarının olması aşkarlanıb: “SOCAR-ın tabeliyində olan qurumlara məxsus qazpaylama stansiyalarında təbii qazın təmizlənməsi, tənzimlənməsi və paylanması məqsədi ilə istismarda olan qurğu və avadanlıqların bəzilərinin köhnə olması, müasir tələbələrə cavab verməməsi halları üzə çıxıb. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq, qaz sızması ilə əlaqədar partlayış (yanğın) hadisələrinin, eləcə də çoxsaylı ölümlə nəticələnən dəm qazından zəhərlənmə hallarının baş verməsi hələ də davam etməkdədir”.

Lakin İ. Quliyevin açıqlanması birmənalı qaşılanmayıb. Onun bu fikirlərini təxribat kimi xarakterizə edənlər də var.


Məsələ ilə bağlı rəsmi münasibət almaq üçün öncə “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev “Yeni Müsavat”a bildirdi ki, qazın tərkibində heç bir zərərli maddə yoxdur:

“Bizim qurumun işi qazı paylamaqdır. Qazın tərkibi ilə bağlı suallara SOCAR cavab verir. Ancaq mən də onu qeyd edim ki, qazın tərkibində hər hansı bir zərərli maddə yoxdur. Qaz laboratoriyada yoxlanılır və daha sonra əhaliyə paylanılır. Yoxlama zamanı isə hər hansı yad maddə aşkar edilməyib”.

Məsələ ilə bağlı SOCAR-dan isə bildirildi ki, qazpaylayıcı qurğuların hamısı yenidir: “Bu qurğular heç də köhnə deyil. Hamısı son dövrlərdə yenilənib və müasir standartlara cavab verir”.


Ekspert Nüsrət Qasımov da “Yeni Müsavat”a bildirdi ki, İbrahim Quliyevin açıqlaması cəfəngiyyatdır: “İbrahim Quliyev konkret olaraq ağlına gələni yazıb. Həmin məqaləni oxudum və gördüm ki, qazın tərkibi ilə bağlı həqiqətə uyğun olan bir cümlə yoxdur. Bu gün dünyada ən təmiz qaz Azərbaycanda çıxır. Azərbaycan qazının 94-96 faizi metandan ibarətdir. Metan da karbohidrogenlərin sırasının elementlərindən ibarətdir. Metan, etan, propan, butan kimi maddələrin hamısı yanan maddədir. Metandan butana və daha aşağı getdikcə, istilik vermə əmsalı artır. Eyni zamanda yanma qabiliyyəti, partlayış həddi də yüksəkdir. Əgər bir otağa 4.3 faiz metan yığılırsa, bu zaman partlayış həddi yaranır. Ancaq propana gəlincə isə bu yanan maddə 2.5 faizdə artıq partlayış həddinə çatır. İndi İbrahim Quliyev necə bu cür məsuliyyətsiz məqalə yaza bilər? Bilinmir ki, onun yazdığı məqalə təxribat xarakteri daşıyır, yoxsa başqa məqsəd var. Açıqlasın görək qazın tərkibinə yanmayan maddələri kim vurur? Kimdir bu əhalini aldadıb, dövlətə qarşı təxribat edən? Bütün bu suallara cavab versə, məsələ aydın olar. Əks halda, bütün bunlar təxribata bənzəyir. Necə bu cür məsuliyyətsiz yanaşma ortaya qoymaq olar? Əgər bizim qazın tərkibində yanmayan maddə varsa, o zaman gürcülər, bolqarlar, yunanlar, iranlılar, avropalılar nə üçün qazımızı alırlar? Bəyəm onların qazla bağlı məlumatları yoxdur? Bütün bunları nəzərə aldıqda məsələyə çox yanlış formada yanaşma olduğunu görürük. Onun bu fikirlərini qəti şəkildə təsdiq etmirəm. Oxucularda yanlış fikir yarana bilər ki, mən məmur olduğum, dövlətə işlədiyim üçün bu cür açıqlama verirəm. Xeyr, hazırda mən nə məmuram, nə də dövlətdə işləyirəm. Sadəcə olaraq, kimyadan anlayışı olan adam kimi, qaz işçisi kimi deyirəm ki, bu məqalə doğru deyil. Əgər İbrahim Quliyevin əlində dəqiq faktlar varsa, açıqlasın ki, doğrudan da qazın tərkibinə filan maddəni vururlar”.

Ekspert bildirib ki, SOCAR-ın aparatlarında problem olarsa, o zaman xaricə qaz satışını həyata keçirə bilmərik: “Yaxşı, deyildiyi kimi problem varsa, bəs biz qazı hansı aparatla yoxlayıb, necə dünyaya satırıq? Satıcının tərəzisi olduğu kimi SOCAR-da da müəyyən aparatlar var ki, qaz orada yoxlanılır. Yəni xətti açıb, xaricə qaz satmırıq. Onun bu fikirlərində də yanlışlar var. Bu fikirləri də məsuliyyətsiz və təxribat xarakterlidir. Çünki əgər qaz xarab olsa, içərisində yanmayan maddə olsa istehlakçılar bunu dərhal bilərlər. Deyim ki, bizdən qaz alan ölkələr özləri də qazın tərkibini yoxlayırlar. Bizdə aparat yoxdursa, onlar yoxlayan zaman problemlər ortaya çıxar və məsələ qaldırıb, buruqların hamısını bağlayarlar. Necə qaz yanmır ki, hər kəs bütün günü qaz işlədir. Lap əgər xarabdırsa, ölkədə 2 milyon yarım abonentdən heç olmasa 1000 nəfəri birdən zəhərlənməyib? Əgər qazın tərkibində zəhər varsa, indiyə qədər kütləvi zəhərlənmələr olardı. Adicə buradan da görünür ki, deyilən fikirlər, bütün arqumentlər cəfəngiyyatdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.