Bəşəriyyətin ömrünü uzadan alternativ enerji
9-08-2018, 10:09
Ekspert: “Bir neçə il sonra neftin yalnız kimya sənayesində önəmi qalacaq”
Ətraf mühitin qorunması və planeti xilas etməyin yolları ilə bağlı düşünülən layihələr sırasında alternativ enerji ön sırada gəlir. Öncə onu qeyd edək ki, alternativ enerji təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adıdır. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühiti çirklənmədən qorumaq üçün alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələr (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Rusiya və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə və ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər.
Alternativ enerji dedikdə bura günəş, külək enerjisi, hidroenergetika və digərləri daxildir. Dünyada Günəş enerjisindən istifadə istiqamətində ciddi işlər görülür. Xüsusilə də neft və qaz kimi təbii ehtiyatları olmayan ölkələr alternativ enerjiyə daha çox diqqət ayırır və bu sahə üzrə yeniliklərə can atırlar. Avropa ölkələri hesab edirlər ki, alternativ enerji vasitəsilə neft və qaz ölkələrindən enerji asılılıqlarını aradan qaldırmış olarlar. Bu, həm də ölkələrin enerji təhlükəsizliyi baxımından ön planda duran layihədir. Lakin hazırkı məqamda külək və Günəş enerjisi alınsa da, bu enerjini depolayıb saxlamaq üçün qurğular lazımi həddə inkişaf etməyib. Elə alternativ enerjinin də ən böyük problemi budur. Yəni əgər külək əsmirsə, bu enerji ilə təchiz olunan obyektlər, ərazilər və ya cihazlar işləməyəcək.
Dünyada artıq elektriklə işləyən avtomobillərə daha çox önəm verilir. Belə ki, 2040-cı ildən sonra Britaniyada dizel və benzinlə işləyən yeni maşınlar satışdan yığışdırılacaq, bundan daha 10 il sonra isə gözlənilir ki, bütün maşınlar elektrik mühərrikli olacaq.
ABŞ-da satılan bütün elektrik mühərrikli maşınların təxminən yarısı Kaliforniya ştatı tərəfindən alınır - hazırda Kaliforniyada təxminən 340 000 ədəd elektrik mühərrikli avtomobil var.
Alternativ enerjinin üstünlüyü həm də ondan ibarətdir ki, bərpa oluna bilir. Çünki enerjisinin alınması zamanı təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz.
Alternativ enerjinin alınması ilə bağlı gedən proseslər inkişaf xəttində olsalar da, mütəxəssislər hesab edirlər ki, hələ uzun müddət dünyada neftə olan tələbat dəyişməz qalacaq. Elə alternativ enerjinin inkişafının ləng getməsinə səbəb də neft-qaz ölkələri və neftdən gəlir əldə edən ölkələrin fəaliyyəti göstərilir.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli söyləyib ki, alternativ enerji ilə bağlı problemlərin həlli istiqamətində ciddi işlər gedir:
“10 il bundan öncə ilə müqayisədə indiki əldə olunan nailiyyət arasında kifayət qədər böyük fərq var. Artıq İspaniyada, Amerikada fəaliyyət göstərən elə startup şirkətlər var ki, onlar batareyalarla bağlı çox ciddi irəliləyiş əldə ediblər. İndiyə qədər elektriklə işləyən avtomobillərdə iki problem vardı. Bunlardan biri batareyaların doldurulmasının uzun zamana başa gəlməsi, ikincisi isə bu batareyalarla avtomobillərin çox qısa məsafəyə qədər gedə bilməsi idi. Gələn il üçün isə elə batareyalar hazırlanıb ki, onlar 30-35 dəqiqəyə doldurulub, 1000 kilometrə qədər məsafə üçün bəs edəcək. Hesab edirəm ki, dünyada enerji xəritəsinin dəyişməsi ilə bağlı yaxın gələcəkdə fantastik dəyişikliklərin şahidi olacağıq. Neft korporasiyalarının maraqlarına gəlincə isə bununla bağlı xeyli faktlar var. Məsələn, 1970-ci illərdə Brazilyada iki çox məşhur elm adamının həlak olmasını neft şirkətlərinə bağlayırlar. Çünki onlar artıq 70-ci illərdə yeni alternativ enerjilərin yayılmasına start verməyə çalışırdılar. Ancaq onlar müəmmalı şəkildə qəzaya düşüb öldülər. Bu sahədə çalışan alimlərin müəmmalı şəkildə ölməsi ilə bağlı bir neçə faktlar var. Dünyada belə işlərlə bu inkişafı saxlamaq mümkün deyil. 2020-ci ilə qədər bu sahədə inqilabi dəyişiklik olacaq. Avtomobillərdə yuxarıda qeyd etdiyimiz batareyalar öz effektini versə, bu, avtomobil sənayesində yeni inqilabi dəyişikliklərə səbəb olacaq. Bu isə dünyada neft istehlakını kəskin azalda bilər”.
Ekspert bildirib ki, sənayedə neftin yeri hələ bir müddət üst səviyyədə qalacaq:
“Neftə biz bu günə qədər yanacaq kimi baxmışıq. Hətta bizdən 150 il öncə yaşamış Mendeleyevin məşhur sözü var ki, nefti ancaq yanacaq kimi görmək, pul əsginaslarını odda yandırmaq kimi bir şeydir. Yəni neftdən daha çox məhsullar alına bilər. Məhz bu baxımdan 30-50 il ərzində neftin müxtəlif sahələrdə istifadə olunması davam edəcək. Getdikcə, məsələn, qeyri-üzvü kimyada neftin istifadəsi arta da bilər. Ancaq yanacaq, enerji məsələsində neft artıq geriyə gedir. Xüsusilə də avtomobillərdə, daxiliyanma mühərriklərində neftdən istifadə trendi getdikcə azalacaq. 2030-cu ildə bəzi ölkələr yanacaqla işləyən avtomobillərdən tamamilə imtina edəcəklər. Artıq Danimarka, Hollandiya, İsveç, Norveç bu barədə qərarlar alıb. Fransanın da yaxın gələcəkdə belə bir qərar alması gözlənilir. Elektrik enerjinin istehsalında isə neft daha kəskin şəkildə azalır. Artıq Avropa, Kanada, Amerikada bundan tamamilə imtina edilir. Bu isə onu göstərir ki, kimya sənayesində neftin önəmi qalsa da, enerji sahəsində yavaş-yavaş sıradan çıxacaq”.