Üçüncü peykimiz kosmodroma gətirildi - Son durum/Foto

9-08-2018, 10:56           
Üçüncü peykimiz kosmodroma gətirildi - Son durum/Foto
Bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan “Azerspace-2” peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib. “Azerspace-2” Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.

“Azərkosmos” ASC-dən verilən məlumata görə, peyk “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub.

“Azerspace-2” peyki “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə orbitə buraxılacaq. Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

“Azerspace-2” peykinin orbitə çıxarılmasını təmin etmək məqsədilə daşıyıcı raketin hazırlanması üzrə aparılan son işlər qrafikə uyğun davam etdirilir. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.