Kremlin Ermənistanda gözlənilməz gedişi: Qarabağ klanından YENİ NAMİZƏD? - TƏHLİL
13-08-2018, 10:32
Ermənistanda baş verən son hadisələr ölkənin gərginlik içərisində olduğunu göstərir.
Sabiq prezident Robert Köçəryanın və digər bir neçə nüfuzlu siyasətçinin saxlanılması, keçmiş dövlət başçısı Serj Sarkisyanın həbs olunacağı ilə bağlı xəbərlərin gündəmə gəlməsi və ötən gün keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyanın həbsi ümumi mənzərinin nə qədər gərgin olduğunu göstərir. Qeyd edək ki, Ovik Abramyan 2008-ci ilin 1 mart hadisələri ilə bağlı qaldırılmış cinayət işinə görə həbs olunub. Bütün bunlarla yanaşı, Serj Sarkisyanın İtaliyadan birbaşa Qarabağa qayıtması da müəyyən suallar yaradır. İrəvana getməkdən çəkinməsi Sərkisyanın tezliklə həbs olunacağı ehtimalını gücləndirir.
Görünən odur ki, baş nazir Nikol Paşinyan hakimiyyətinə təhlükə gördüyü bütün siyasi qüvvələri sıradan çıxarmağa çalışır.
Maraqlıdır, onun rəqibləri, Rusiyanın qoruduğu erməni siyasətçiləri kimlərdir?
ReAl Partiyasının sədr müavini, siyasi-şərhçi Azər Qasımlı “Cümhuriyət” qəzetinə açıqlamasında Ermənistanda yaranmış son durum və Sarkisyanın revanş cəhdləri haqqında danışıb. Politoloq hesab edir ki, Sarkisyanın Qarabağa gəlməsində ilk səbəb həbs təhlükəsindən yayınmaqdır:
“Həqiqətən də Sarkisyanın həbs olunması məsələsi var. Doğrudur, bu gün bu məsələ o qədər də aktual deyil. Ancaq erməni mətbuatında da son 1 həftədir ki, bu mövzu gündəmə gətirilir. Digər tərəfdən, Köçəryanın saxlanılmasından sonra daha bir neçə nəfər, o cümlədən, baş nazirin müavini və onun qardaşı həbs edildi. Hazırda Sarkisyanın həbs olunacağı ilə bağlı fikirlər dolaşmağa başlayıb. Həm Köçəryanın, həm Sarkisyanın qondarma Dağlıq Qarabağda güclü siyasi dayaqları var. Sarkisyan bu kartdan istifadə edərək öz təhlükəsizliyini təmin etmək istəyir.
Təbii ki, Sarkisyanın Qarabağa getməsinin səbəbi də budur. Onu da qeyd edim ki, dünən qondarma Dağlıq Qarabağ parlamentinin deputatları Ermənistan Prokororluğuna rəsmi müraciət göndəriblər ki, qondarma DQR-in və Ermənistanın “dövlət quruculuğunda iştirak etdikləri üçün” Köçəryanı həbsdən azad etsinlər, Sarkisyana qarşı isə heç bir təqib siyasəti aparmasınlar. Bu müraciətin arxasında isə qondarma DQR rejiminin rəhbəri Bako Saakyan dayanır. Hər iki şəxs bəllidir ki, birbaşa Qarabağ klanına bağlıdır. Təbii ki, Sarkisyan da Qarabağa getməklə öz təhlükəsizliyinə təminat almaq istəyir. Bu isə indiki qondarma DQR və Ermənistan rəhbərliyi arasında çox ciddi problemlər yarada bilər. Hazırda həmin problemlər yavaş-yavaş üzə çıxmağa başlayır. Burada təbii ki, Rusiyanın da prosesə təsir imkanları var. Rusiyanın Qarabağ klanından istifadə edib Ermənistana təsir etmək prosesi işə düşə bilər”.
A.Qasımlının sözlərinə görə, Paşinyan Köçəryandan sonra “təmizləmə əməliyyatı”nın dozasını aşağı salmayacaq: “Cəzalandırılmayan hal-hazırda Serj Sarkisyandır. Belə baxanda hələ ki, heç kim cəzlandırılmayıb. Sadəcə, həbslər var, amma məhkəmələr keçirilməyib və konkret qərarlar yoxdur. İstər Köçəryan, istər Serj Sarkisyanın qardaşı, istərsə də keçmiş baş nazirin qardaşı həbs olunub. Həbs olunmayan və təsir imkanları qalan yeganə odioz fiqur Serj Sarkisyandır. Doğrudur, Paşinyan Sarkisyanı seçkilərdən əvvəl də həbs edə bilər.
Ancaq Sarkisyan həbs edilsə, qanunvericiliyi dəyişmək çətin olar, Qarabağ klanı Paşinyana problem yarada bilər. Təbii ki, Rusiya da onlardan istifadə edib nəsə etməyə çalışacaq. Paşinyanın məqsədi isə meydanı seçkilərə qədər təmizləmək və rahat şəkildə seçkilərə getməkdir. Paşinyan doğru, yoxsa yanlış addım atır, bunu proseslərin gedişatı göstərəcək. Yeri gəlmişkən 17 avqustda Paşinyanın hakimiyyətinin 100 günü münasibətilə böyük mitinq olacaq. Erməni analitiklər də hesab edir ki, Paşinyan bugünkü hakimiyyətinə qarşı problemlər gördüyünə görə yenidən mitinqlərə start vermiş olur. Xalqın onun yanında olduğunu nümayiş etdirmək istəyir. Bu həm Qarabağ klanına, həm oliqarxlara, həm də Rusiyaya mesajdır. Onu da qeyd edim ki, Paşinyanın hələ də parlamentdə güclü dayağı yoxdur. Yəni, Paşinyanın ayağı bir az büdrəsə, parlament vasitəsilə onu hakimiyyətdən götürəcəklər. Ona görə də onun bundan sonra radikal addımlar atmaqdan başqa çıxış yolu qalmayıb”.
A.Qasımlı hesab edir ki, Moskva Serj Sarkisyanı və Karen Karapetyanı qoruyur:
“Ermənistanda son konstitusiya dəyişiklikləri olandan sonra Rusiya bu iki şəxs haqqında düşünürdü. Sonda Rusiya Serj Sarkisyanın üzərində dayandı, amma sonra o istefa verməli oldu. Bundan sonra Sarkisyanın hakimiyyətə qayıtmasını real görmürəm. Artıq Karapetyan da vacib fiqur hesab olunmur. Düşünürəm ki, Rusiya yeni liderlərlə anlaşmaq məcburiyyətində olacaq. Hazırda hansısa xalqın, daxili hakimiyyət qruplarının dəstəyini ala biləcək fiqur görünmür. Ona görə də Ermənistanda Rusiyanın da vəziyyəti yaxşı deyil. İndi Ermənistanda hər şey Paşinyandan asılıdır. Yəni, o, böyük bir səhv etsə, ayağı büdrəsə, hakimiyyəti saxlaya bilməyəcək. Rusiyanın və Qarabağ klanının Paşinyanı hakimiyyətdən götürmək üçün resursları böyükdür.
Proseslərin gedişatında isə Qarabağ klanının içindən hansısa fiqur çıxa bilər. Hazırda Sarukyan bloku var, amma onun da şansları yüksək deyil, çünki oliqarxdır. Rusiya gələcəkdə onunla razılaşa bilər. Amma o, rusiyameyilli və ya Moskvaya yaxın adam kimi də tanınmır. Başqa variant qalmayanda Rusiya buna da gedə bilər. Qeyd edim ki, onun da parlamentdə 40 deputatı var və bu önəmli gücdür.
“Rusiyanın Paşinyanla razılaşması da mümkündür” deyən A.Qasımlı bunun üçün müəyyən şərtlərin olduğunu bildirib:
“Əslində, Paşinyan özü də Rusiya ilə razılaşmaq istəyir. Sadəcə olaraq Kreml bununla razılaşmır. Çünki Paşinyan Kremlə yaxın şəxsləri, onların ətrafını və Rusiya siyasi elitası ilə korrupsiya bağları olan şəxsləri aradan götürür. Təbii ki, Rusiya bununla barışa bilmir. Burada söhbət Putinin və ya Rusiyanın dövləti maraqlarından deyil, konkret siyasi elitanın maraqlarından gedir. Hərdən bu da siyasətdə önəmli rol oynayır. Əslində hazırda problem nöqtəsi bundadır. Amma əgər Paşinyan bu problemi həll edə, Rusiyaya göstərə bilsə ki, o, alternativi olmayan siyasətçidir, onda Rusiya onunla anlaşmaq məcburiyyətində qalacaq. Anlaşma isə tamamilə başqa formada olacaq.
Paşinyanın da məqsədi odur ki, “nə şiş yansın, nə kabab”. Yəni, Qərbə inteqrasiya olsun, amma Rusiyanın çəkdiyi “qırmızı xəttə” qədər. Eyni zamanda Rusiya ilə də normal münasibət olsun, lakin Ermənistanın çəkdiyi “müstəqillik xətti”nə qədər. O xətti də Rusiya keçməsin. Paşinyan deyir ki, istəsək, Qərbə inteqrasiya edərik, NATO-nun təlimlərinə qoşularıq, Avropa İttifaqı ilə saziş imzalayarıq, amma bütün bunları sizinlə də müzakirə aparacağıq. Digər tərəfdən isə təbii ki, Qarabağ məsələsi var. Dəfələrlə demişəm ki, Serj Sarkisyanın hakimiyyətdən getməsinin yeganə səbəbi 2016-cı il aprel döyüşləridir. Çünki 4 günlük aprel döyüşlərindən sonra Ermənistanın ictimai fikrində ciddi dəyişikliklər oldu. Artıq Rusiyanın Ermənistanı bir oyuncaq hesab etdiyi və Azərbaycanın əli ilə Ermənistanı vurduğu fikri hakim oldu. Ermənistanda baş verən hakimiyyət dəyişikliyi də məhz cəmiyyətdə olan fikir dəyişikliyi oldu. Paşinyana da güc verən də məhz budur. Erməni xalqı bu məsələdə Paşinyana tam mandat verib ki, Rusiya ilə danışanda müstəqilliyimizi qorumalısan”.