Dövlətin sənədi necə saxta ola bilər ki?! - Birlik sədrindən icra başçısına sərt ittihamlar
1-10-2015, 17:10
Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev və onun işçilərinə qarşı sərt ittihamlar irəli sürüb.
Bu barədə Strateq.az vasitəsiylə ölkə rəhbərliyinə müraciət edən Elşən Uluxanlı bildirir ki, 2015-ci ilin mart ayında Sabunçu rayonu, Bakıxanov qəsəıbəsi, Ülvi Rəcəb küçəsi, 3 nömrəli evin qarşısında daş hasara alınmış, sahəsi 0,028263 ha torpaq sahəsi alıb. Ancaq "kupça"sı olan torpaq sahəsinin hasarı Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz olaraq sökülüb.
Şikayətçi yazır ki, bununla bağlı icra başçısının qəbuluna düşmək istəyib:
"Lakin məni Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Rəfaelin yanında göndərdilər. Bu adam dedi ki, bəs guya qonşuların narazılığına əsasən hasarım dağıdılıb. Mən buna etiraz edərək, mənim qanuni mülkiyyətimdə olan torpaq sahəmin daş hasarını məhkəmə qərarı olmadan sökülməsinin kobud qanun pozuntusu olduğunu bildirdim. Rəfael kobud şəkildə "Get qonşuları razı sal, ondan sonra hasarı bərpa edə bilərsən" cavabı verdi. Mən bundan sonra Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I-ci müavini Güloğlan müəllimin qəbuluna bir təhər düşüb, problemi dedim. Bundan sonra o, Rəfaelə zəng edərək “qanuni sənədi var, yoluna qoy, getsin” dedi. Bundan sonra hasarımı bərpa etməyə cəhd elədim. Həmin vaxtı yaxınlıqda olan iki mərtəbəli binanın sakinlərindən üç nəfər mənə yaxınlaşdı. Onlara da sənədləri göstərib, qanuni iş apardığmı sübut elədim...".
Birlik sədri bildirib ki, növbəti dəfə Rəfaelin "oyun"una düşüb:
"Rəfael gəlib dedi ki, guya ona qonşular zəng edib, narazılıq var. Etiraz elədikdə, bir qonşu oğlu ilə birlikdə üzərimə hücum etdilər. Özümü müdafiə edə bilməyəcəyimi gördükdə, dərhal yaxınlıqdakı 13-cü Polis Bölməsinə getdim. Bundan istifadə edən Rəfael bir daha qanunsuz olaraq mənim mülkiyətimdə olan torpaq sahəsinin daş hasarını darmadağın etdirdi...".
Elşən Uluxanlı bildirir ki, uzun cəhdlərə baxmayaraq, nəhayət, bir dəfə Adil Vəliyevlə danışa bilib: "Sabunçu Rayon İcra Hakimiyyətinin binası qarşısında Adil Vəliyevə yaxınlaşıb üzləşdiyim problemlə əlaqədar ona məlumat vermək istəyəndə, o, mənim sözümü kəsib “Məsələdən xəbərim var, sənəd (yəni Reyestrdən çıxarış) saxtadır, məhkəməyə verəcəyik,”-dedi. Anlaya bilmirəm, axı dövlətin sənədi necə saxta ola bilər ki?! Bu oyunun məqsədi nədir, başıma açıalan oyunlar nəyə hesablanıb?!".
Bu sualların cavabları haqda bəlli iddialar irəli sürən birlik sədri bildirir ki, baş verənlərdən sonra ölkə rəhbərliyinə yazdığı şikayətlərə Başçının I müavini Güloğlan Məmmədovun imzası ilə qanunsuzluğa haqq qazandırmağa cəhd edən məktub alıb. Bundan əlavə, 21.09.2015-ci il tarixdə Adil Vəliyevin köməkçisi Müslüm müəllimin ona zəng edərək, hüquq şöbəsinin müdiri Neman müəllimin qəbuluna gəlməsini bildirib. Ancaq əhəmin qəbulda Neman məhkəmə araşdırması və qərarı olmadan söküntüyə haqq qazandırıb. Üstəlik, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın saxta olduğunu iddia edib: "İcra Hakimiyyətinin məsul şəxslərinin bu hərəkət və əməlləri heç bir əndazəyə sığmır. Ona görə, ölkə rəsmilərindən və mətbuatdan problemlərimə diqqət ayırmalarını xahiş edirəm!".
Sonda isə icra başçısı və onun əməkdaşlarının qanunsuz əməlləri haqda fotolar və sensasion səsyazmalardan da bəhs edən birlik sədri çox sərt ittihamlar səsləndirib.
Məsələ ilə bağlı İcra Hakimiyyətindən münasibət öyrənə bilmədik. Onları da dinləməyə hazırıq.