İnterpolun axtardığı “AST Telman”ın qardaşı oğlu tutuldu - yeni ittiham

19-09-2018, 08:50           
İnterpolun axtardığı “AST Telman”ın qardaşı oğlu tutuldu - yeni ittiham
Tanınmış iş adamı “Tezliklə nüfuzlu rusiyalı siyasətçilərdən biri ilə qapalı danışıqlarımın mövzusunu açıqlayacağam” demişdi, amma...
2017-ci ilin dekabrından İnterpol xətti ilə beynəlxalq axtarışda olan “AST” Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov (“AST Telman”) üzə çıxmadıqca, onun barəsində yeni ittihamlar yer alır. Rusiya istintaq Komitəsi iş adamı Telman İsmayılovu müğənni Avraam Russonun oğurlanmasında şübhəli bilir. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, işlə bağlı “Praqa” restoranının keçmiş baş direktoru da həbs edilib.

Sentybarın 17-də Avraam Russo polisə ərizə ilə müraciət edərək 2004-cü ildə Moskvanın mərkəzində oğurlanması barədə şikayət etmişdi. Müraciətin daxil olmasından saat yarım sonra “Praqa” restoranının keçmiş baş direktoru və Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov saxlanılıb.

“Mash” telegram-kanalı hələ bir neçə ay əvvəl müğənni Avraam Russo ilə bağlı istintaqda faktlar olduğunu yazmışdı. Bildirilirdi ki, T.İsmayılov müğənniyə prodüserlik edirmiş. Sonralar T.İsmayılov müğənninin korporativ məclislərdən qazandığı pulları prodüserindən gizlətdiyini öyrənib və onu aradan götürməyi əmr edib. Bu planın həyata keçməsinə isə killerlərin zərərli adətləri mane olub - kokainin artıq dozasından özünə gələ bilməyən qatil atəş açarkən səhvə yol verib.

İndi isə yayılan məlumatda bildirilir ki, 2004-cü il yanvarın 31-də Telman İsmayılov müğənnini “Praqa” restoranına dəvət edib və restoranda Russonu qardaşı oğlu Zaur və daha 5 şəxslə birlikdə döyüb. Ondan tələb olunub ki, İsmayılovla bağladığı müqaviləni ləğv etsin və daha konsert verməsin. Bundan sonra zorla Aprelevka qəsəbəsindəki malikanədə girov saxlanılan müğənni bütün tələbləri qəbul etdikdən sonra azadlığa buraxılmışdı.

Telman İsmayılovun vəkili Mariya Rusakova isə hadisədən 14 il sonra qəfil cinayət işinin açılmasını və müğənninin yalnız indi şikayət etməsini absurd adlandırıb.

Məlum olduğu kimi, ötən il Moskvanın Basman Rayon Məhkəməsi barəsində qiyabi həbs qərarı verib. Bundan sonra o, beynəlxalq axtarışa verilib.

Eyni qərar “AST Telman”ın qardaşı Vaqif Ismayilov barəsində də verilib. Rusiya mediası yazır ki, o, Rusiya Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunur.

Bundan başqa, istintaq hesab edir ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin keçmiş zabiti Vaqif İsmayılov güc strukturlarındakı vəzifəsindən istifadə edərək ailə biznesinin qeyri-qanuni işlərini gizlədib. Məlumdur ki, V.İsmayılov uzun müddət Rusiya DİN-də etnik zəmində olan cinayətkarlıqla mübarizə bölməsinə rəhbərlik edib.

Ona qarşı ittihamlar 15 il köməkçisi işləmiş Sergey Qavryuşinin istintaqa ifadəsindən sonra ciddiləşib. Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Yada salaq ki, İsmayılov qardaşlarından biri Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanaraq həbs edilib. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

Bu ilin yayında araşdırmaçı-jurnalist, “haqqin.az” və “virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev “AST Telman”dan geniş müsahibə alıb. Monteneqroda gerçəkləşən müsahibədə T.İsmayılov “Moskvaya gedin, vəkilimlə görüşün, bütün cinayət işlərini qaldırın və əmin olun ki, onlar hamısı quramadır” deyib.

Telman İsmayılov ona irəli sürülən qətllə bağlı bunları deyib: “Nə telefon danışığı, nə də şahid? Tamamilə boş yerdən məni vur-tut iki milyon dollara görə xırda sahibkarın qətlində ittiham edirlər. Məntiq haradadır? Mən bu adamın heç üzünü görməmişəm. Yollarımız heç vaxt kəsişməyib. Onu niyə öldürməliydim ki?” T. İsmayilov “tezliklə, çox tezliklə Avropa klubunda avropalı jurnalistləri toplayacağam və nüfuzlu rusiyalı siyasətçilərdən biri ilə qapalı danışıqlarımın mövzusunu açıqlayacağam. O, rəqabətə dözməyərək güc strukturlarının köməyi ilə biznesimi ələ keçirib” deyərək anons vermişdi. Lakin T.İsmayılov vəd etdiyi mətbuat konfransını hələ keçirməyib, əvəzində ona yeni ittiham irəli sürülüb və yaxın adamı həbs edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.