Sağlığında özünə qəbir yeri alanlar – dinimiz isə deyir ki...

1-10-2018, 08:50           
Sağlığında özünə qəbir yeri alanlar – dinimiz isə deyir ki...
Hacı Şahin: “Artıq bu, tövsiyə ilə deyil, qanunvericiliklə tənzim olunacaq”
Azərbaycanda və digər bəzi islam ölkələrində öncədən qəbir yeri götürmək sanki bir adət halını alıb. İnsanlar hələ sağ ikən, heç bir xəstəliyə tutulmadıqları və nə zaman öləcəklərini bilmədikləri halda qəbir yeri götürüb, onun ətrafını müxtəlif tikinti materialları ilə düzəldirlər.

Bu günlərdə xəbər yayıldı ki, məşhur türkiyəli aktyor Yakub Yavru da ölümündən 4 ay öncə qəbir yeri götürüb, oranı düzəltdirib, hətta məzarı ilə foto da çəkdirib. Bütün bunlar üçün o, 35 min lirə (9700 manat) xərcləmişdi. Aktyor öz məzarına baxaraq bunu demişdi: “Yerimi çox bəyəndim. Ölmək istədim. Özüm üçün xeyirli bir əməl etdiyimi düşünürəm”.

Azərbaycanda dəbdəbəli məzarlar, baş daşları barəsində bir neçə dəfə müzakirələr aparılıb, bunun doğru olmadığı bildirilib. Bəs öncədən məzar yeri götürmək barəsində İslamda nə deyilir, bunu Allahın işinə qarışmaq hesab eləmək olarmı?

“Yeni Müsavat”a danışan ilahiyyatçı Hacı Şahin Həsənli bildirdi ki, qəbir yerinin əvvəlcədən alınması qadağan olunmur: “Ancaq başqalarına hər hansı bir problem yaradarsa, yaxud da ərazinin tutulmasına səbəb olarsa, bu, məqsədə uyğun deyil. Söhbət qəbir yerlərinin tutulmasından sonra kimlərəsə qeyd etdiyimiz xüsusda problemin yaranmasından gedir. Ancaq digər hallarda qəbir yerinin öncədən tutulması qadağan deyil. Qəbirlərin müəyyən standartlara uyğun olması məsələsi də başqadır. Bununla bağlı qanunvericilikdə də dəyişiklik edilib. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təklifləri əsasında qanun layihəsi hazırlanıb. Burada qəbirlərin ölçüsü tənzimlənir və sadə məzar daşlarından istifadə olunacaq.

Bu daşlar eyni ölçüdə olacaq. Hesab edirəm ki, məsələ ilə bağlı atılan addım çox müsbətdir. Çünki dinimiz israfçılığı sevmir və qəbir daşlarının da təmtəraqlı olması insanların sanki bu məsələdə bir-birilərilə yarışa çıxması dinin mahiyyətinə ziddir. Dinimiz sadəliyi tövsiyə edir. Həmin baş, məzar daşlarına verilən vəsaiti xeyirli məqsədlər üçün istifadə edib, həmin savabı insanın ruhuna hədiyyə etmək daha da yaxşı olar. Çünki insan dünyasını dəyişdikdən sonra ona heç bir fərqi yoxdur ki, məzarındakı mərmərin qiyməti nə qədərdir. Lakin bir qrup insan təəssüf ki, bunu da bir rəqabət predmetinə çevirib, məsələyə şan-şöhrət vasitəsi kimi yanaşır. Bu, ümumiyyətlə, dinimizin mahiyyətinə ziddir. İnsan qəbiristanlıq ziyarətinə getdiyi zaman axirəti xatırlamalı və mənəvi hüzur tapmalıdır. Ancaq belə bir şəraitdə sanki şəhərcik salınır və bahalı mərmərlərdən məzar daşları düzəldilir. Bütün bunlar, israfçılıq dini baxımdan tamamilə yanlışdır. Qafqaz Müsəlmanları İdarəsi də öz tövsiyələrində bunu mütəmadi olaraq insanlara çatdırır. Artıq bu, tövsiyə ilə deyil, qanunvericiliklə tənzim olunacaq”.

Hacı Şahin qəbrin dini baxımdan hökmləri barəsində də danışdı: “Qəbrin dini nöqteyi-nəzərən hökmləri budur ki, qəbir elə şəkildə olmalıdır ki, hər hansı bir yırtıcı heyvan içəri daxil olub, insanın meyitinə ziyan toxundura bilməsin. Ona görə də qəbrin üstü örtülməlidir. Elə şəkildə örtülməlidir ki, heç bir canlı içəri daxil olma bilməsin. Bunu hansı formada etmək lazım olduğu barəsində isə din konkret olaraq göstəriş vermir. Adətən hər bir bölgədə öz adətlərinə uyğun olaraq qəbirin üstünü örtürlər. Ümumiyyətlə, insanın meyiti tam çürüdükdən sonra eyni məzara başqa bir insanı da dəfn etmək olar. Qəbir açılıb, ora başqa meyit də qoyula bilər. Ancaq bunun hansı formada edilməsi artıq insanların öz seçimidir. Din bu barədə konkret bir göstəriş vermir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.