Artıq 3-cü adam yoxa çıxır - Adam oğurlayan şəbəkə peyda olub
19-10-2015, 12:00
Cəmiyyət və ölkə mediası milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılması və ətrafında aparılan əməliyyatlara köklənib. Bu da təsadüfi deyil və seçkilərə yarım ay qaldığı bir vaxtda prezidentin keçirdiyi qəzəbli müşavirədən dərhal sonra belə bir strateji post rəhbərinin görəvindən alınması, bu azmış kimi çoxsaylı həbslərin aparıldığı ilə bağlı hələ rəsmən təsdiqlənməyən məlumatlar çox ciddi mətləblərdən xəbər verir...
Amma gündəmin baş xəbəri olacaq daha bir olaysa Ağcabədidə yaşanıb. Belə ki, son bir neçə ayda rayon əhalisinin əsas müzakirə predmetinə çevrilən, Meksika və Amerika filmlərində görməyi adət etdiyimiz cinayətlər silsiləsi hamını şoka salıb.
Bəlli olub ki, son bir neçə ayda rayonda valyuta dəyişmə ilə məşğul olan artıq 3 - cü şəxs yoxa çıxıb və öldü - qaldısından xəbər çıxmaması Valeh adlı bu şəxsin qohumlarını elə qəzəbləndirib ki, onlar rayon icra hakimiyyətinin qarşısına toplaşaraq icra başçısı Şahin Məmmədovdan ultimatumla bu cinayətlərin üstünün açılmasını tələb ediblər.
Moderator.az-a məlum olub ki, hələ iyun ayında Vüqar adlı şəxs dollar və rus pulu dəyişdiyi bazardan yoxa çıxıb və bu günədək xəbər-ətər yoxdur. Avqust ayında isə valyutadəyişmə ilə məşğul olan bir qadın evindən bir yerə çağrılaraq gedər-gəlməzə göndərilib...
Rayon əhalisini səksəkədə saxlayan bu cinayətlərin üstünün açılması üçün Bakıdan əməliyyat-istintaq qrupunun Ağcabədiyə ezam olunduğu bildirilir.
Mövzunu diqqətdə saxlayacağıq...