“Sipark İnşaat”dan Usubova müraciət: - Şər-böhtan...
8-04-2019, 18:41

Bir müddət əvvəl bəzi saytlarda gedən böhtan xarakterli yazılarla bağlı Bakı şəhəri, Binəqədi rayon məhkəməsində iddia qaldırmışıq.
Bu sözləri Axar.az-a açıqlamasında “Sipark İnşaat”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Nurəddinqızı deyib.
O bildirib ki, sözügedən xəbərlə bağlı tədbir görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib:
“Sipark”ın rəhbəri Seymur İsayev həbs oluna bilər – Prezidentə müraciət hazırlanır” başlıqlı iftira və şər-böhtanla dolu yazı saytlarda tirajlandı. Yazıda konkret ağır cinayətlərdə ittiham edən məlumatlar öz əksini tapıb. Bu saytlar ölkədə nə neqativ hadisə baş verirsə, şirkətimizi və rəhbərini əsassız şəkildə həmin hadisəyə bağlamağa çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı xeyli tədbirlər gördüyü bir dövrdə bu saytlar öz böhtan dolu yazıları ilə 15 ildir fəaliyyət göstərən şirkət və onun rəhbərini ləkələməyə çalışırlar. Buna görə də iftira atmaq, işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqətin təhqir olunması və şəxsi həyatın toxunulmazlığı prinsiplərini əsas götürərək, hüquq mühafizə və təhlükəsizlik orqanlarına müraciət etməyi qərara aldıq”.
İ.Nurəddinqızı bildirib ki, qara piar aparan saytlar barəsində ciddi tədbir görülməsi üçün Baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə və Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova müraciət olunub.