Adı “MTN işi”ndə hallanan “Nar Şərab” restoranı satışa çıxarıldı – 25 milyon manata
4-11-2015, 13:27
Adı “MTN işi”ndə hallanan “Nar Şərab” restoranı satışa çıxarılıb. Bu barədə Moderator.az-a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, sabiq nazir Eldar Mahmudova məxsus olan restoranın adı “MTN işi”ndə hallanandan sonra restoran müştəri üzünə həsrət qalıb. MTN-lə bağlı son olaylardan sonra “Nar Şərab” restoranının dövlətin xeyrinə müsadirə edilməsi gözlənilirdi ki, bu gözləntinin istənilən an reallığa çevrilməsi mümkündür. Görünür, məhz bu baxımdan sabiq nazir heç olmasa bu məsələdə hadisələri qabaqlamaq üçün öz yaxın çevrəsinin əlaqələrindən istifadə edərək restoranı satmaq niyyətinə düşüb.
Lakin mənbə hesab edir ki, E.Mahmudov hətta bu niyyətini həyata keçirsə belə, restoranın satışından əldə ediləcək pulun ona qalması inandırıcı görünmür:
“Belə ki, adı milyardlarla manatlıq rüşvət və korrupsiyada, mənimsəmədə hallanan E.Mahmudovun nəinki restoran və ticarət mərkəzlərinin, hətta bu gün yaşadığı evin belə dövlət tərəfindən müsadirə ediləcəyi ehtimalı kifayət qədər böyükdür. Çünki dövlət büdcəsində ciddi kəsirlərin olduğu indiki dönəmdə E.Mhmudovun oğurladığı pulların bəlli bir qisminin belə dövlətə qaytarılması xalqın və dövlətin mənafeyi baxımından onun həbsindən qat-qat önəmli bir məsələdir. Çox güman ki, E.Mahmudovun həbsxana həyatı dövlətdən oğurladıqlarını dövlətə qaytardırdan sonra başlayacaq”.
Mənbə “Nar Şərab” restoranının hansısa iş adamı və ya məmur tərəfindən alınması ehtimalının da son dərəcə aşağı olduğunu vurğuladı:
“Adı “MTN işi”ndə keçən və taleyi sual altında olan “Nar Şərab” restoranının hansısa iş adamı və yaxud məmur tərəfindən alınması ehtimalı yox sayılacaq qədər aşağıdır. Çünki indiki halda ali siyasi rəhbərliyin və istintaq qrupunun əsas diqqət mərkəzində olan bir restoranı almaq vəzifə və sosial statusundan asılı olmayaraq kimsəyə yaxşı heç nə vəd etmir. İndiki situasiyada belə bir addım 25 milyon manatdan könüllü imtina etmək deməkdir ki, kimsənin bu qədər məntiqsiz addım atacağı inandırıcı deyil. Bu isə o deməkdir ki, E.Mahmudovun “Nar Şərab”a tapa biləcəyi yeganə müştəri yenə də dövlət olacaq. Hansı ki, bu müştərinin “Nar Şərab” qarşılığında E.Mahmudova verə biləcəyi yeganə şey yalnız həbsxana həyatıdır”.