Nazirlikdən testin ləğvi ilə bağlı Açıqlama
23-02-2016, 01:02
Təhsil Nazirliyi Mikayıl Cabbarovun test sisteminin ləğv olunacağı ilə bağlı fikirlərinə aydınlıq gətirib.
Nazirliyin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkədəki hesabında qeyd edib ki, təhsil naziri verdiyi müsahibədə test sistemini ləğv olunacağını deməyib:
“Əziz dostlar, o müsahibədə təhsil naziri sizin qeyd etdiyiniz test sisteminin ləğvi haqqında bircə kəlmə də söz işlətməyib, əksinə müsbət tərəflərini qeyd edib. Sitat:"..Birincisi, bu gün Azərbaycanda keçirilən qəbul imtahanının məzmunu və həmin məzmunun müsbət tərəfləri. İlk növbədə, məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir.." Bu cavabdan göründüyü kimi, forma və məzmun tərəflərini fərqləndirmədən söhbət gedir.
Bu elə bir məsələdir ki, əvvəl-axır təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranacaq. Bu testdirmi? Bəli, test ola bilər. Sadəcə, Mikayıl müəllimin qeyd etdiyi kimi,"uğurlu məzun üçün tələb olunan bir sıra bilik və komptenesiyaları ölçmək qabiliyyətinə malik olan test olsun..."
Yəni bu gün xaricdə oxumağa gedən məzunun bilyini "hə" və "yox"larla deyil,yazı-oxu keyfiyyətləri ilə, hər hansı seçim variantları ilə məhdudlaşmayan tənqidi düşüncə tərzi ilə yoxlayırlar. Bu yanaşmanı artıq xarici ölkələrdə çoxdan sınaqdan çıxarırılar. Bizdən xaricə oxumağa gedənlər isə bunu yaxşı bilirlər. Hətta ölkəmizin bir sıra ali məktəblərində bu sınaqlardan keçənlər tələbə adını qazanırlar.
Burada söhbət romantik vətənpərvərlikdən getmir, əslində hər iki qurumun -Təhsil Nazirliyinin və TQDK-nın rəhbərlərinin elan etdikləri kimi, tədrisin yeni məzmununu ölçən yeni qiymətləndirmə alətlərindən gedir. Bu gerçəklikdir. Dünyanın ən qiymətli əmtəəsi olan biliyin məzmunu o qədər tez dəyişir ki, onu ölçən vasitə də buna adekvat olmalıdır. Təbii ki, burada qiymətləndirmə prosesində insan amilinin istisna olunması əsas şərtdir”.