Qocalma hormonu genlərin nəzarətindədir
25-02-2016, 07:57
ABŞ-ın Corciya Universitetinin alimlərinin yeni tədqiqatı qocalma prosesində iştirak edən hormonu üzə çıxarıb. Bu fermentə genetika nəzarət edir. Bu isə həkimlərə insan orqanizmində qocalma prosesini geri çevirmək imkanı yaradır. Qandakı bu hormonun səviyyəsi vaxt keçdikcə azalır.
AZƏRTAC "ScienceDaily" elmi jurnalına istinadla xəbər verir ki, eksperimentlər insan qanında qocalma hormonu səviyyəsinin genetik tərkibli olduğunu göstərib. Genetik əlaqənin kəşfi gələcəkdə alimlərə insan genomunda qocalmanın necə proqramlaşdırıldığını aydınlaşdırmağa kömək edəcək. Tədqiqatın müəlliflərindən biri Rob Pazdro bildirib ki, GDF11 qocalma hormonunun səviyyəsi vaxtı gələndə dəyişilir, amma bu prosesə cavabdeh olan ayrı-ayrı genlərin üzə çıxarılması qanda fermentin göstəricilərini artırmağa imkan verəcək.
Laboratoriya siçanları ilə işləyən alimlərin gəldiyi qənaətə görə, GDF11 hormonunun səviyyəsi valideynlərdən övlada keçir. Buna görə də qanında fermentin səviyyəsi yüksək olan siçanlar, adətən, daha çox yaşayır. İnsan orqanizmində qocalma proseslərini tənzimləyən genlərin kəşfi qocalıqla bağlı bir çox xəstəliklərin gedişatını nəzarətdə saxlamağa imkan verir.