Nazir işçini qanunsuz əməlinə görə qovdu
5-03-2016, 20:24
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sabirabada səfəri zamanı vətəndaşlardan daxil olan bəzi şikayətləri yerindəcə araşdırıb.
“Qafqazinfo”nun məlumatına görə, məlum olub ki, Sabirabad rayon poçt filialının müştəri xidmətləri şöbəsinin əməliyyatçısı Salamulla Sultanov vətəndaşlara poçt vasitəsilə ödənilməli olan maliyyə vəsaitlərini qanunsuz olaraq gecikdirirmiş.
Nazirin tapşırığı ilə vətəndaşlara olan bütün borclar dərhal ödənilib. Əməliyyatçı S. Sultanov isə işdən azad olunub.
Sabirabad rayon poçt filialının rəisi Şiraslan Qasımov problemi vaxtında aşkarlamadığı və lazımi tədbir görmədiyi üçün ona sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilib.
Telekommunikasiya və poçt sahəsi ilə bağlı vətəndaşlarla görüşdükdən sonra nazir Sabirabad, Hacıqabul, Saatlı və Şirvan Telekommunikasiya qovşaqları və Poçt Filiallarının rəisləri ilə müşavirə keçirib.
Müşavirədə vətəndaşlardan daxil olan şikayətlər təhlil olunub. Bildirilib ki, bu şikayətlərin əksəriyyəti əsaslıdır və onlar barəsində müvafiq tədbirlər görülməli, işdə ciddi dönüş yaradılmalı, mövcud imkanlardan maksimum istifadə edərək vətəndaşlara layiqli xidmət göstərilməlidir.