Qıza görə iki qardaşı “Lexus”da gülləyən şəxsə ÖMÜRLÜK HƏBS

22-04-2016, 17:08           
Qıza görə iki qardaşı “Lexus”da gülləyən şəxsə ÖMÜRLÜK HƏBS
Bakı Ağır Cinayətlər Məhkəməsində Sahil qəsəbəsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.

Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Zaur Tərlanovun ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, hadisə 2014-cü il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Orada yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarını öldürüb. Z.Tərlanov Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturan qardaşlara özünə məxsus “Vinçester” markalı odlu silahdan bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb hadisə yerindən qaçıb.

İlkin araşdırmalar zamanı hadisənin qız üstündə baş verdiyi bildirib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.