Leyla Əliyeva: “Dünya böyük sınaqlar qarşısındadır”
25-04-2016, 12:30
Bakıda keçirilən “İnkluziv cəmiyyətlərdə birgəyaşayış və məqsəd” şüarı altında Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yaşıl təhlükəsizlik məkanının yaradılmasının önəmini vurğulayıb.
Report-un xəbərinə görə, L.Əliyeva bildirib ki, gənclər planetin mühafizəsində mühüm rol oynayırlar: “5 il ərzində Azərbaycanda 5 milyondan çox ağac əkilib. Eləcə də, ağacların kəsilməsinin qarşısını almışıq. Cəmiyyətin müxtəlif kəsimlərini bu işə cəlb etməyə çalışırıq. Bu məsələdə bir sıra beynəlxalq təşkilatlarla əlaqə qurmağa çalışmışıq. Heyvanların qorunması ilə bağlı da mühüm işlər görmüşük. Bəzi nəsli kəsilməkdə olan heyvanlar var ki, onları qorumalıyıq”.
Fondun vitse-prezidenti vurğulayıb ki, çağdaş dünya böyük sınaqlar qarşısındadır: “Bilirsiz, hər 15 dəqiqə müddətində bir fil öldürülür. Hər saatda minlərlə köpək balığı məhv edilir. Biz nəsli kəsilməkdə olan heyvanları qorumalıyıq, qayğı göstərməliyik. Mən istərdim ki, hər kəs təbiəti sevsin, qorusun”.