ABŞ-ın Florida ştatında Daniel İssac Marquez adlı 10 yaşlı uşaq polislər tərəfindən saxlanılıb.
Xarici KİV xəbər verir ki, buna səbəb onun məktəbini partlatmaq istəməsi olub.
Florida ştatının Keyp Koral şəhərindəki orta məktəbin şagirdi Marquez səlahiyyətlilər tərəfindən sorğu-sual edilib. O, kütləvi qətl törətmək planı hazırlamaqda ittiham olunaraq istintaqa cəlb edilib.
Hadisə ilə bağlı Keyp Koral şəhər polisinin rəisi Karmine Marceno açıqlama verib:
"Şagirdin davranışı xüsusilə Texas ştatının Uvalde şəhərində baş verən son faciədən sonra ürəkbulandırıcıdır. Uşaqlarımızın təhlükəsiz olduğundan əmin olmaq hər şeydən önəmlidir. Məktəblərimizdə asayiş hökm sürəcək. Komandam bu təhlükəni araşdırmaq üçün bir saniyə belə tərəddüd etməyəcək".
Qeyd edək ki, insidentlə bağlı cinayət işi başlanıb, araşdırma aparılır./modern.az