Eldar Mahmudovun adamı şəriklərini sıradan çıxardı, 460 vətəndaşı aldatdı, sonda həbs edildi - FOTOLAR
3-07-2016, 23:53
Bakıda 400-dən çox ailə tikinti şirkətinin dələduzluğunun qurbanı olub. 2007-ci ildə mənzil almaq üçün “Sahil D Compani” MMC-nin Xətai rayonu, F. Bayramov küçəsi 1156-cı məhəllə ünvanında yerləşən 1, 2, 3 və 4 saylı binalarından mənzil alan vətəndaşlar 10 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, evlərinə köçə bilmirlər.
Qalmaqallı şirkətə hazırda rəhbərlik etdiyi deyilən iş adamı İlham Qasımov mənzil alan vətəndaşları hədələyərək, əllərində müqavilələr, ödəniş qəbzləri olmasına baxmayaraq mənzillərini verməyəcəyini deyir. İndi iş adamının həbs olunması xəbəri yayılıb.
Musavat.com-a müraciət edən mənzil sahibləri deyirlər ki, həll olunmayan problemləri bununla daha da qəlizləşib.
Tikintisinə 2006-cı ildən başlanılan binalardan birindən mənzil alan şəxslərdən biri də Rəşid Səfərovdur. Qohumları ilə birlikdə adı çəkilən şirkətin binalarından 12 mənzil alan R.Səfərov və yaxınları bu günə qədər pulunu ödədikləri mülklərinə sahib çıxa bilmirlər.
R.Səfərovun sözlərinə görə, 2007-ci ildə ödənişini etdikləri mənzillərin müqavilədə 2009-cu ildə təhvil veriləcəyi göstərilib. Lakin işlər uzanıb və 2010-cu ildən şirkət ətrafında müxtəlif qalmaqallar yaşanıb: “Problemlər 2010-c ildən başladı. Həmin binalardan birindən qohumlarımız ev alıb. Ödəniş qəbzlərimiz, müqavilələr əlimizdədir. Ancaq şirkətin hazırkı rəhbəri İlham Qasımov deyir ki, nə etsəniz də, evləri verməyəcəm. İndi binalara İlham Qasımovun adamları nəzarət edir, evlərə baxmaq istəyəndə üstümüzə hücum çəkirlər, hədələyirlər. İlham Qasımov kiminlə necə istəyirsə, elə də rəftar edir. Deyir ki, yuxarılara pulunu verib, gedin, nə edirsiniz, edin. Özü şəxsən bizimlə görüşündə bu sözləri deyib və hədələməkdən də çəkinmir”.
İlham Qasımovun həbs olunmasından məlumatlı olduqlarını deyən R.Səfərov bildirir ki, qarşılaşdıqları bu problemin yaranmasına səbəb şirkətin şərikləri arasında olan münasibətlərin korlanmasıdır. Ancaq mənzil sahiblərinin şikayətçi olduğu yeganə şəxs İlham Qasımovdur.
“2010-cu ildən sonra şəriklər İlham Qasımovla Sahib İbrahimovun münasibətləri pozuldu. O vaxta qədər biz evlərimizə bir neçə dəfə baş çəkə bilmişdik. Sonra mənzillərin bir neçə nəfərə satıldığı da deyildi. Cinayət işi açıldı. Şirkətin direktoru Məzahir Cəfərov istintaqa cəlb olundu. Sonra Məzahir Cəfərov öz qohumu olan Sahib İbrahimovla yox, İlham Qasımovla işləməyə başladı. Biz mənzillərin ödənişini “Avesta”şirkətindəki ofisdə etmişik. O zaman iş araşdırılarkən Baş Prokurorluqda müstəntiq Elnur Cəfərov bizə dedi ki, evləriniz sizə veriləcək, sadəcə şəriklər arasında problem yaranıb və bu da həll olacaq”- deyə R.Səfərov bildirir.
Mənzil sahibləri başlarına gələn hadisə ilə bağlı bütün dövlət qurumlarına müraciət ediklərini deyirlər. Dələduzluğun qurbanı olan vətəndaşlar digər şərik olaraq bildikləri Sahib İbrahimovun da qəbulunda olublar. S.İbrahimov onlara deyib ki, evlər sizindir, ancaq İlham Qasımov vermir.
“İndi məznilləri sahiblərinə verməyən İlham Qasımovdur” deyən zərərçəkmiş Rəşid Səfərov hara müraciət edəcəklərini bilmədiklərini qeyd edir: “Məzahir Cəfərovla bir neçə dəfə görüşümüz olub. O deyirdi ki, bu şəriklər bir araya gəlməsə, bizim işimiz düzələn deyil. Əslində onun ölümü də çox şübhəli qaldı. Biz onunla ölümündən bir neçə gün əvvəl görüşmüşdük. Bizə dedi ki, mən hər şeyi açıb deyəcəm. İlham Qasımov onu çox aldatmışdı. İlham Qasımov dələduzdur. Məzahir Cəfərova xeyli sənədə qol çəkdirmişdi. Məzahir özünü öldürəcək adam deyildi. İlham Qasımov isə reket idi. Şikayətə gedən adam bir az sərt danışan kimi deyir ki, “evini vermirəm”. Bu xasiyyətdə bir insandır”.
Qalmaqallı binalardakı indiki vəziyyətlə bağlı qeyd edək ki, hər 4 binada tikinti işləri bir neçə ildir ki, dayandırılıb. Binalarda 10-15 ailə yaşayır. Kanalizasiya sistemi yoxdur, liftlər quraşdırılmayıb, qaz, işıq, su çəkilməyib.
Mənzillərin bir neçə nəfərə satılmasından danışan R.Səfərov deyir ki, başqa şəxslərə satılan mənzillər digərlərindən seçilir: “Bizim mənzillərdən birinə qapı qoyulub. Dəqiq bilirik ki, onu yenidən kiməsə satıblar. Qapı qoyulan mənzillər yenidən satılıb deməkdir”.
Digər mənzil fırıldağının qurbanı olan sakinlərin sözlərinə görə, İlham Qasımov binaları tam olaraq ələ keçirəndən sonra mənzil sahiblərinin müqavilələrini ləğv etdirmək üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin İ.Qasımovun bu istəyi baş tutmayıb.
“İlham Qasımov bizə deyirdi ki, kim Sahib İbrahimovun ofisində pul veribsə, ona ev vermirəm”- deyə narazı sakinlər qeyd edir.
İş adamı olaraq tanınan İlham Qasımov həbs edilməsi xəbəri isə aldadılan şəxsləri heç də təəccübləndirməyib. Onların sözlərinə görə, İ.Qasımovun adı təkcə bu binaların tikintisində yol verilən dələduzluqda yox, ona məxsus bir neçə şirkətdə baş verən qanunsuz əməllərdə hallanır.
Qalmaqallı şirkət haqda...
“Sahil D Compani” MMC-nin adı bir neçə il əvvəl də qalmaqalda hallanırdı. Şirkətin şərikləri arasında iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov və İlham Qasımovun adı çəkilirdi. Hər iki iş adamı 2006-ci ildə qeyd edilən ünvanda 4 çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməyə başlayıblar. “Sahil D Compani” MMC-nin baş ofisi iş adamı İbrahim Nehrəmliyə məxsus “Avesta” konsernin binasında yerləşirdi. MMC-nin direktoru isə İbrahimovların qohumu Məzahir Cəfərov idi. Məhz mənzil alan şəxslər 2010-cu ilə qədər ödəniş etmək üçün bu ofisə üz tutublar. Adı çəkilən binalarda mənzillərin bir neçə nəfərə satılması ilə bağlı aparılan araşdırmalardan sonra “Sahil D Compani” MMC-nin rəhbəri olaraq təqdim edilən Taleh Abdullayev həbs edildi. Bu hadisədən 2 ay sonra şirkətin direktoru M.Cəfərov intihar etdi. Yaxınları onun ağır xəstəlikdən əziyyət çəkdiyini və bu səbəbdən intihar etdiyini deyirlər.
Əldə etdiyimiz digər məlumatlarda isə bir həftə əvvəl həbs olunan iş adamı İlham Qasımovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın münasibətlərinin olduğu bildirilir. Məhz bu yaxınlıqdan istifadə edən İ.Qasımov digər şəriklərini “Sahil D Compani” MMC-nin pay sahibliyindən uzaqlaşdıra bilib. Məhz ondan şikayət edənləri də ləğv edilən MTN-nin adından istifadə edərək hədələdiyi bildirilir.
İndi çıxılmaz vəziyyətdə qalan mənzil sahibləridir. Onlar 10 il əvvəl inşa edilməyə başlayan binalardan mənzil almaq üçün 1 kvadrat metrinə görə 1000 dollar ödəniş ediblər. Mənzil aldıqları şirkətin faktiki rəhbəri olaraq bilinən İlham Qasımov da həbs edilib.