Erməni diversantın məhkəməsi ilə bağlı yeni xəbər var
6-12-2023, 20:15
Erməni diversantın məhkəməsi ilə bağlı yeni xəbər var
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə ilk baxış iclasının vaxtı dəyişib.
Dekabrın 11-ə təyin edilən, proses sabah saat 10:00 da keçiriləcək.
Prosesin ertələnməsinə səbəb hava şəraitinin kəskin dəyişməsidir. Məhkəmə qarşıdakı günlərdə havanın daha da pisləşəcəyini, nəticədə yüksək dağlıq ərazilərdə xidmət edən zərərçəkmişlərin iclasda iştirakının çətinləşəcəyini nəzərə alaraq vaxtı dəyişib.
Bundan əvvəl iş üzrə hazırlıq iclası keçirilib. Voskanyan Qaqik Aşotin dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Onun hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir.
Xatırladaq ki, bu ilin avqustunda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Qrupun digər üzvləri geri çəkilməyə məcbur edilib.
Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşoti Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.