MTN-də Şeyxə və generala qarşı ifadə verməsi istənilən ilahiyyatçı: “Günahsızam…”
27-07-2016, 08:41
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.
O, özünü günahkar bilmədiyini və ona qarşı irəli sürülən ittihamların əsasız olduğunu bildirib.
İlahiyyatçının vəkili Əfqan Məmmədov bildirib ki, ittihamların heç biri mötəbər sübutlara söykənmir. Vəkil bildirib ki, ortada konkret fakt olmadığından E.Mustafaoğlunun günahsızlığını da sübut etmək çətindir.
“Ortada onun günahını sübut edən konkret faktlar yoxdur. İttiham tərəfi ortaya konkret heç bir sübut qoymur. Buna görə onun günahsızlığını tam sübut etməyə çətinlik çəkirik. 1 il 6 ay ərzindəki istintaq zamanı onun göstərilən cinayət əməlini törətməsi barədə heç bir sübut əldə olunmayıb. Bu işin üstü açılarsa, biabırçılıq olacaq. Bu, boş xülyalarla hazırlanan cinayət işidir”- deyə vəkil bildirib.
Qapalı keçirilən məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.
E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və general Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.
E.Mustafaoğlu 2006-2007-ci illərdə “İctimai” TV-də kanalında “Cümə Söhbəti” verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də “Allah Haqqı” verilişinin aparıcısı olub.
Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edili. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.