Azərbaycanda 50 nəfəri aldatdılar - Şok dələduzluq + Video

22-08-2016, 16:18           

İnternet vasitəsilə iş axtaran bir qrup insan dələduzluq hadisəsi ilə qarşılaşıb.

Bu səbəbdən “Qafqazinfo”ya müraciət edən sakinlər əmək sığortası üçün şirkətə qabaqcadan pul ödədiklərini, ancaq bir neçə saat gözləsələr də, şirkətdən bir xəbər çıxmadığını söyləyib:

“İnternetdə iş elanları olan müxtəlif saytlarda “Guess” ayaqqabı fabrikinə işçi tələb olduğu barədə elan yerləşdirilib. Elanda aylıq əmək haqqı 500 manat göstərilmişdi. Sadəcə olaraq biz əmək sığortası üçün bankomat vasitəsilə 30 manat ödəməli idik. Qeyd olunan nömrələrə əlaqə saxladığımız zaman çek və kodu istədilər, biz də vatsap vasitəsilə göndərdik. Daha sonra da dönə-dönə tapşırdılar ki, səhər saat 08:30-da Koroğlu metrosunun qarşısında olaq. Fabrikin avtobusu bizi oraya aparacaq”.

Sakinlər 30 manat məbləğində pulu ödədikdən sonra qərarlaşdırılan ünvanda toplaşıb. Ancaq deyilən vaxtdan 3 saat keçsə də, onları fabrikə aparmaq üçün hər hansı bir avtobus gəlməyib. Frıldaqçılığa məruz qalanlardan biri olan Abduləli Abdullayevin sözlərinə görə, əvvəl əlaqə saxladıqları nömrələrə zəng vursalar da, cavab verən yoxdur:

“Biz də nə deyiblərsə, onu etmişik. Səhər saat 7-dən burada gözləyənlər var. Qadınlı-kişili 50-yə yaxın adam var idi. Çoxu gözləməkdən bezib getdi”.

Polis şikayətçilərə bildirib ki, kim 30 manatı hansı rayonda ödəyibsə, həmin rayonun bölməsinə müraciət etsin:

“Yevlaxdan, Bərdədən, Hacıqabuldan, bir sözlə, ölkənin hər yerindən iş üçün gələnlər var. Bakıdan olan azdır. Biz istəyirdik birlikdə harasa gedib şikayət edək, ancaq polis bölgələrə göndərir. Bu səbəbdən də mediaya müraciət etmək qərarına gəldik. Biz aldadılmışıq, başqaları aldadılmasın. Bu qədər insanı dolamaq olmaz”.

Şikayətçilər iş üçün 051 690 20 52; 050 692 21 19 nömrələri ilə Raqif adlı şəxslə danışıb. Əməkdaşlarımız yenidən həmin nömrələrlə əlaqə saxlamağa çalışsa da, zəng çatmayıb.

Özünü ayaqqabı fabrikinin rəsmisi kimi tanıdan şəxsin vatsap profilində isə məşhur geyim markası “Guess”in mağazalarından birinin fotosu yerləşdirilib.

Belə ki, frıldaqçılar insanları dolandırmaq üçün geyim mağazasının adından istifadə edib.
[media=https://www.youtube.com/watch?v=E_Ox2Snri4o]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.