Fəhlə hüququ fəalına 3 il yarım həbs cəzası tətbiq ediləcək
10-05-2024, 12:54
Azərbaycanlı şair və fəhlə hüququ fəalı, Gilan vilayətində yerləşən Astara sakini Cəmşid Əzizi mayın 7-də həbsxanaya köçürülüb.
Bu barədə İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Cəmşid Əzizi həbs cəzasının tətbiqi üçün məhkəmə tərəfindən bildiriş vasitəsilə çağırılıb. Daha sonra o, Astara məhkəməsinin hökmlərin icra şöbəsinə aparıldıqdan sonra dərhal həbs edilib.
O, “İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamından 7 ay 16 gün, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamından isə 3 il 6 ay 1 gün müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində də bu ilkin qərar qüvvədə saxlanılıb.
Onun işinə və apellyasiya şikayətinə müvafiq olaraq, Rəşt Ümumi və İnqilab Məhkəməsinin 10 saylı şöbəsində və Gilan vilayətinin Apellyasiya Məhkəməsinin 11-ci şöbəsində baxılıb.
İranın cinayət qanunlarına görə, fəhlə haqları müdafiəçisinə qarşı ən ağır cəza olan 3 il, 6 ay və 1 gün həbs cəzası tətbiq ediləcək.
Onun Astara həbsxanasından Gilan vilayətinin mərkəzi Rəşt şəhərində yerləşən Lakan həbsxanasına köçürüləcəyi bildirilir.