Rusiyaya işləməyə getdi - Ukraynada əsir düşdü
26-07-2024, 09:44
Azərbaycan Respublikasının vətəndaşı, Hacıqabul şəhərində anadan olan 07.08.1979-cu il təvəllüdülü Rəfibəyli Fuad Balaseydi oğlu Rusiya Ordusu sıralarında döyüşərkən
Ukrayna Silahlı Qüvvələrinə əsir düşüb və Azərbaycan dövlətinə müraciət edərək evə qayıtmasına köməklik göstərilməsini xahiş edir.
F.Rəfibəylinin müraciətini ukraynalı jurnalist Yuriy Butusov öz Telegram kanalında dərc edib
Əsir düşən Fuad Rəfibəyli qeyd edir ki, o, alver etmək məqsədilə 5 oktyabr 2023-cü il tarixdə Rusiyanın Astraxan şəhərinə gəlib. Orada onu Miqrasiya xidmətinin əməkdaşları saxlayıb və Rusiya ordusunda xidmət etməyə məcbur ediblər.
Onun sözlərinə görə, döyüşlərdə iştirak etmək istəməyib və Donetsk şəhərində onunla müqavilə bağlamaq da istəməyiblər. Belə ki, o, uşaqlıqdan əlildir – sağ əlinin baş barmağı yoxdur. Lakin onu inandırıblar ki, döyüşlərdə iştirak etməyəcək və orduya kömək göstərəcək. 12 oktyabrda o, Rusiya Ordusu ilə xidməti müqavilə bağlayıb.
O, hesab edir ki, rusiyalılar onu və iki digər əsgəri ukraynalıların mövqelərini öyrənmək üçün "top yemi” kimi istifadə edərək hücuma göndəriblər. Bunu anlayaraq onlar 17 iyulda Donetsk vilayətinin Oçeretino qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə könüllü olaraq əsir düşmək istəyiblər. Bunu görən Rusiya bölmələri əsir düşmənin qarşısını almaq üçün onları bombalayıblar.
F.Rəfibəyli əlavə edib ki, ali təhsillidir və müharibədən əvvəl Ukraynanın bir neçə vilayətində olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü maddəsinə əsasən muzdlu kimi hərbi münaqişələrdə və ya hərbi əməliyyatlarda iştirak 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırlır.