Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun olub - YENİLƏNİB+FOTO
29-10-2024, 08:24
Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun hadisəsi baş verib.
Bunu İqtisadiyyat.az-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, proses üç gün bundan əvvəl başlasa da, bu gün son mərhələsi olub:
"Səhər saatlarında əraziyə baxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabil vəziyyətdə qalıb".
O əlavə edib ki, yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır:
"Hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmayıb".
Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.
Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb. Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.