"Müsəlman Birliyi" Hərəkatının üzvünə hökm oxunub

29-10-2024, 09:28           
"Müsəlman Birliyi" Hərəkatının üzvünə hökm oxunub
Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının üzvü Həsən Abbaszadəyə hökm oxunub. O, üç il müddətinə azadlıqdan məhrum edilib.

"Müsəlman Birliyi" Hərəkatının yaydığı məlumatda qeyd olunur ki, məhkəmədə Həsən Abbaszadə barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb:

"Prosesdə şahidlərin dindirilməsindən sonra son qərar elan edilib. Hakim ittihama uyğun sübutların olmaması səbəbindən CM-nin 234.4.3-cü maddəsini CM-nin 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Həsən Abbaszadəni 3 il müddətinə azadlıqdan məhrum edib".

Onun vəkili Zibeydə Sadıqova bildirib ki, Abbaszadə təzyiq altında ifadə verib və məhkəmədə bu ifadələrdən imtina edib.

Vəkilin sözlərinə görə, istintaq zamanı bir neçə prosessual-hüquqi tələblər də pozulub.

"İddia edilən "narkotik maddənin əldə edildiyi və satıldığı" iddia edilən yerlərdə kameralardan qeydlərə baxılmayıb. Saxlanmadan sonra 2 saat ərzində onun üzərində axtarış aparılmayb, onun seçdiyi vəkil dəvət edilməyib, evində axtarış aparılmayıb" - deyə, Sadıqova bildirib.

Vəkil hökmdən apellyasiya şikayəti verəcəklərini deyib:

"Lazım gələrsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik".

Həsən Abbaszadə 2023-cü ilin sentyabrda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində bir neçə nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıb.

Həbdən əvvəl Abbaszadə video yayaraq, ittiham olunduğu cinayətlərdə özünün təqsirsiz olduğunu bildirib.

Azərbaycan hökuməti isə ölkədə insanların əqidəsinə, inancına görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı siyasi məhbusların olduğuna dair iddiaları da qəbul etmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.