"Ferrari" üçün 10 il pul yığdı: İlk səfərdən bir saat sonra xəyalı kül oldu VİDEO
Bu gün, 17:18
Yaponiyada bir kişi düz 10 il ərzində arzusunda olduğu "Ferrari" avtomobili almaq üçün pul yığıb. Lakin ilk səfərdən cəmi bir saat sonra maşın tamamilə yanıb.
Bu barədə "Oddity Central" yazır.
Bildirilib ki, 33 yaşlı şəxs uzun müddətdir gözlədiyi "Ferrari 458 Spider" modelini alıb və dərhal Tokiodakı Şuto sürət magistralında sınaq səfərinə çıxıb. Səfər zamanı o, yolda ağ tüstü görüb və əvvəlcə bunun qonşu avtomobildən gəldiyini düşünüb. Lakin digər maşın uzaqlaşdıqdan sonra tüstünün öz "Ferrari"sindən gəldiyini anlayıb.
O, avtomobili tərk edib və yanğınsöndürənləri çağırıb. Növbəti 20 dəqiqə ərzində isə arzusunun necə külə döndüyünü izləyib.
"Düşünürəm ki, Yaponiyada belə bir problemlə üzləşən yeganə insanam. Mən 43 milyon yen (306 000 dollar) xərclədim və əldə etdiyim yeganə şey bir fotoşəkil oldu", - deyə o, sosial şəbəkələrdə yazıb.
İlkin ehtimala görə, yanğın avtomobilin mühərrikində baş verib.