Hadı Rəcəblidən sərt cavab: “Üzeyir Cəfərov gördüyüm işlərin bir faizini etsin, sonra danışsın” — QALMAQAL
5-11-2016, 19:14
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli qalmaqallı müsahibəsi ilə bağlı hərbi ekspert Üzeyir Cəfərovun onun haqqında söylədiyi fikirlərə cavab verib.
Komitə sədri H.Rəcəbli Ölkə.Az-a açıqlamasında bildirib ki, müsahibəsində təhrif edilmiş məqamlar var:
“Orada məqsəd ünvanlılıqdır. Burada söhbət ünvansız ola bilməzdi. Yalnız nağdı pulun verilməsi fikri əksik olub. Müsahibədə bu söz getsəydi, bəlkə də qalmaqala səbəb olmazdı. Yəni, nağdı pul verilib və tənzimlənib”.
Deputat Üzeyir Cəfərova da müraciət edərək deyib ki, o, lazım gəldikdə millət vəkilliyindən də getməyə hazırdır:
“Əgər məsləhət olsa, zamanı gələndə millət vəkilliyindən də gedəcəm. O zaman Üzeyir Cəfərov da seçkilərə qatılıb, xalqın səsini qazanar və deputat olar. Üzeyir Cəfərov gedib mənim gördüyüm işlərin bir faizini etsin, sonra danışsın. O mənim kəndçim və qohumumdur. Mən ona heç bir pislik də etməmişəm. Tez-tez kənddə də xeyr-şər məclislərində yan-yana gəlirik, Qarabağ əlilləri ilə görüşlərdə görüşürük və s. Axı Üzeyir Cəfərov da yaxşı bilir ki, mən şəhid ailələri və əlillərin problemlərinin həlli istiqamətində hər zaman əlimdən gələni etmişəm.
O bir dəfə seçkilərdə millət vəkili Hüseynbala Mirəlamovla da toqquşmuşdu. Biz onun cavabını verdik. Bundan sonra da o mənimlə düşmən oldu. İndi axı mən nə edim? İnsandır da, danışır! Əslində, Üzeyir Cəfərov məsələyə obyektiv baxmalıdır, düzgün təhlil etməlidir. Ən azı bir kəndçi və ya qohum kimi mənə zəng məsələnin mahiyyətini dəqiqləşdirə bilərdi. Onun xəbəri yoxdur, ancaq Qarabağ əlilləri ilə hər gün əlaqə saxlayıram, problemlərinin həlli ilə maraqlanıram. Ayın 7-si və ya 12-də veteranlarla, o cümlədən Mehdi Mehdiyevlə görüşəcəm. Onsuz da hər gün veteranlarla, şəhid ailələri ilə əlaqə saxlayıram, görüşürəm. Bu yaxınlarda bir filmin təqdimatında mən də iştirak edib, Qarabağ əlilləri ilə bağlı çıxış etdim. Qarabağ əlilləri bizim əzizlərimizdir. Onlara hamımız dövlət və vətəndaş olaraq borcluyuq. Mənim fəaliyyətim də bu adamlara həsr olunub. Mən bu adamların yolunda canımı verməyə hazıram. Allah onları qorusun. Mən də hər zaman Qarabağ əlillərinin yanındayam. Bunu hər yanda da açıq deyirəm. Ona görə də bu məsələ ətrafında spekulyasiya ilə məşğul olmaq lazım deyil. Bu cür boş-boş və əsassız söhbətlərə fikir vermək lazım deyil”.
Xatırladaq ki, millət vəkili Hadı Rəcəblinin “Report” agentliyinə verdiyi müsahibəsində Qarabağ müharibəsi iştirakçılarıyla bağlı səsləndirdiyi fikirlər etiraza səbəb olub.