"Fariz Namazlının Xətai Şahverdiyevanı döyməsi təsdiqini tapmadı" - DİN açıqlama yaydı
6-11-2016, 00:07
Daxili İşlər Nazirliyi (DİN) son günlər bəzi kütləvi informasiya vasitələrində (KİV) vəkil Fariz Namazlıya qarşı təzyiqlərin olması, təxribatların törədilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, F. Namazlıya təzyiqlər olunmasına və ona qarşı təxribat törədilməsinə dair xüsusatlar Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.
O əlavə edib ki, araşdırmalarla Xəzər rayonundakı Xaşa-Xuna bağ massivində yaşayan Xətai Şahverdiyevanın 20.10.2016-cı il tarixdə saat 19:00 radələrində "kəllə beyin travması" diaqnozu ilə 8 saylı Təcili Tibbi Yardım Stansiyasına müraciət etməsi barədə Yasamal RPİ 28-ci PB-yə məlumatın daxil olduğu müəyyən edilib: "Bundan əlavə, Xətai Şahverdiyeva 28-ci PB-yə ərizə ilə müraciət edərək həmin gün saat 15.30 radələrində Bakı Apellyasiya Məhkəməsində vəkil Fazil Namazlı tərəfindən döyüldüyünü göstərib. Oktyabrın 21-də Bakı Apellyasiya məhkəməsinin icra şöbəsindən 28-ci Polis Bölməsinə 20. 10. 2016-cı il tarixdə keçirilən prosesdə zərərçəkmişin qohumlarının təqsirləndirilən şəxsin vəkili Fariz Namazlıya hücum edərək sonuncunu təhqir etdikləri, eləcə də tribunanı zədələdikləri bildirilib. Araşdırma zamanı məhkəmə zalında qeydə alınmış görüntülərə baxış keçirilərkən vəkil Fazil Namazlının Xətai Şahverdiyevanı döyməsi öz təsdiqini tapmayıb, əksinə sonuncu şəxsin və onun ailə üzvlərinin məhkəmə zalında yuxarıda göstərilən qanunsuz hərəkətlərə yol verdikləri müəyyən olunub”.
DİN rəsmisi təhqiqat zamanı X. Şahverdiyevanın məhkəmə-tibbi ekspertizasından keçirildiyini, bu zaman onun bədənində yüngül dərəcəli xəsarətlər aşkar olunduğunu da qeyd edib: "Fariz Namazlı da 28-ci PB-yə dəvət olunaraq izahatı alınıb. O, izahatında Xətai Şahverdiyevaya qarşı qanunsuz hərəkətlərə yol vermədiyini bildirib. Vəkil münaqişə zamanı heç bir xəsarət almadığını əsas gətirərək müvafiq ekspertizadan keçməkdən imtina edib. Artıq sözügedən məsələ ilə bağlı toplanmış material hüquqi qiymət verilməsi üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilib”.