Fikrət Fərəməzoğluna ailəsi ilə görüşə icazə verilmir
7-11-2016, 20:48
Həbsdə olan jam.az xəbər portalının baş redaktoru Fikrət Fərəməzoğluna təzyiqlər davam edir
Bu barədə onun həyat yoldaşı Faiqə İbişbəyli məlumat yayıb. Onun sözlərinə görə, noyabrın 7-də qızı Atanazın doğum günü idi və atası ilə görüşmək üçün Bakı İstintaq Təcridxanasına gediblər. “Fikrətə sovqat gətirmişdik. 4-cü gündən bu yana onu zəng etməyə qoymurlar. Saat 11-dən burda gözləyirəm, hələ vəsiqəmi almayıblar və müxtəlif bəhanələr deyirlər. Fikrət dövlət orqanlarına müraciət yazmışdı. Nəzarətçi yazdıqlarını əlindən alıb və deyib ki, “sən qanunsuz iş görmüsən, bundan sonra nə telefona çıxacaqsan, nə də görüşə”. Avqustda da görüşmək üçün müraciət edəndə demişdilər ki, icazə verilmir. Qanunları bilmədiyimiz üçün sui-istifadə etdilər. Onların etdikləri qanunsuzluq deyil, amma Fikrətin işi qanunsuzluqdur? Sifariş ediblər ki, təzyiq göstərin, ailəsi ilə görüşə imkan verməyin.”
Baş redaktorun xanımı qeyd edib ki, jam.az saytının niyə işləmədiyi aydınlaşıb: “Yuxarıdan belə tapşırıq olub ki, sayta giriş mümkün olmasın. Çünki onları narahat edən yazılar dərc olunur. Qorxaq olduqlarını və Fikrətin niyə həbs edildiyini bu addımlar bir daha təsdiqlədi. Bu həftədən Fikrət Fərəməzoğlunun rəhbərliyində olan “NONSENS” qəzeti fəaliyyətə başlayacaq. Fikrət Fərəməzoğlunun həbsinin kimlər tərəfdən sifariş edildiyi yazılarda açıqlanacaq.”