“Hadı Rəcəbli həmişə biz veteranların mənafeyini müdafiə edib” – Qarabağ müharibəsi veteranları
7-11-2016, 21:25
Son günlər bəzi mətbuat orqanlarında Milli Məclisin deputatı Hadı Rəcəbliyə qarşı müxtəlif ittihamlar dərc olunur. Buna səbəb kimi isə onun müsahibələrindən birində Qarabağ əlillərinə imtiyazların əleyhinə olduğunu bildirməsi göstərilir. Hadi Rəcəbli mətbuata açıqlamasında belə fikirlər səsləndirmədiyini, jurnalistin onun fikrini təhrif etdiyini söyləsə də, deputatın əleyhinə başlanan kampaniya dayandırılmır. Bu da yazılanların qərzəli və sifarişli olduğunu düşünməyə əsas verir. Elə Hadı Rəcəblinin deputat seçildiyi Lənkəran şəhərindən olan Qararabağ müharibəsinin iştirakçıları da bu fikirdədir. Onlar “AzPolitika.info”ya göndərdikləri məktubda Hadı Rəcəblinin Qarabağ müharibəsinin iştirakçılarına, onların ailələrinə daim qayğı ilə yanaşdığını, bacardığı köməkliyi göstərdiyini bildirirlər. Onlardan bir-neçəsinin fikrini dərc edirik:
“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi”nin Lənkəran şöbəsinin sədri İlham Qurbanov: “Hadı müəllim bütün dövrlərdə bizə yaxından köməklik göstərmişdir. Onun yazdığı qanunlar həmişə biz veteranların mənafeyini müdafiə edib. Bu işlərin qanun-yaradıcılıq prosesində heç bir millət vəkili Hadı Rəcəbli qədər fəal iştirak etməmişdir.
Onu da qeyd edim ki, Hadı müəllim əməli fəaliyyətində də bizə həmişə yardımçı olmuşdur. Birliyin Lənkəran şöbəsinin ofisinin əsaslı təmirində, oranın avadanlıqlarla təhciz olunmasında zəhməti əvəzsizdir. Mütəmadi olaraq hər dəfə Lənkərana gələndə bizlərlə görüşüb problemlərimizə şərik olur, əlindən gələn köməkliyi əsirgəmir. Hər il Qarabağ veteranlarından 5-6 nəfərin istirahətini təmin edir. Onun barəsində böhtan yazanlara demək istəyirəm ki, ayıb olsun sizə, bizim üstümüzdə bu qədər zəhməti olan insanı bizdən uzaqlaşdırmağa çalışmayın. Öz kəndinin övladına böhtan atan heç vaxt vətənpərvər ola bilməz”.
“Aprel döyüşləri”ndə yaralanmış sıravi əsgər, Lənkəranın Virəvul kənd sakini Kamil Qurbanlı: “Əslən bizim kənddən olan Üzeyir Cəfərov adında bir nəfər var. Tanışlarımdan onun telefon nömrəsini öyrənib dəfələrlə onunla əlaqə saxlamaq istəmişəm, ancaq alınmayıb. Nə vaxtsa onunla danışmaq nəsib olsa soruşacam ki, mən vətən uğrunda yaralananda sən mənim ziyarətimə gəlmişdin, ya Hadı müəllim? Mənim müalicəmi, problemlərimi kim həll etmişdi? Sənin də, mənim də doğulub böyüdüyümüz kənddə yeni tipli məktəbin, poctun, həkim məntəqəsinin tikilişi bilavasitə Hadı müəllimin sayəsində olmuşdur. Yalanı şərh yazıb müzakirə etmək ayıbdı”.
Şəhid zabit İqbal Əhmədovun qaynatası Səadət Fərəcov: “Çox təəssüf edirəm ki, həmişə bizim qayğımıza qalan, dərdimizə şərik olan Hadi müəllim barəsində bəzi üzdəniraq jurnalistlər kiminsə sifarişiylə, yaxud daim gündəmdə olmaq üçün böhtan xarakterli yazılar yazırlar. Mən Lənkəranın Aşağı Nüvədi qəsəbəsində yaşayıram. Kürəkənim vətən uğrunda şəhid olandan sonra qızım və onun üç azyaşlı övladı mənim öhdəmdə qaldı. Başımı itirmişdim, nə edəcəyimi bilmirdim. Belə çətin vaxtlarda Hadı müəllim mənə kömək oldu. İlk öncə şəhidin sığorta pulunun alınmasında, sonra onun pensiya və mənzil məsələlərində əvəzsiz zəhməti oldu. İndinin özündə də bütün bayramlarda bizi yaddan çıxarmır. Bizə maddi və mənəvi dəsdək olur. Allah özü ona kömək olsun. Onun barəsində böhtan yazanların isə Allah cəzasını versin”.