Çovdarovun mülkləri üstündə gizli savaş - Göz yaşları bahasına toplanmış sərvət belə yağmalanır...
10-11-2016, 15:21
Ləğv edilən MTN-nin həbsdə olan generalı Akif Çovdarovun yaxınları arasında əmlak mübarizəsi hər ötən gün daha da şiddətlənir.
Bu barədə Moderator.az-ı özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, “MTN işi”nə qədər A.Çovdarova sadiqlik nümayiş etdirən bəzi qohum və dostlar, köməkçi və məsləhətçilər ordusu indi MTN generalının çox az adama məlum olan bəzi gözdən-könüldən uzaq mülk və torpaqlarını səssiz-səmirsiz ələ keçirməyə başlayıb. Bu azmış kimi vaxtilə Çovdarovun etibar edərək ən sadiq adamlarının adına rəsmiləşdiridiyi daşınar-daşınmaz əmlakların da sürətlə satışa çıxarılaraq real dəyərindən xeyli aşağı qiymətə satıldığı və ya başqa ada keçirildiyi gələn iddialar arasındadır.
General yaxınlarını bu məsələdə avantajlı edən ən başlıca amil isə A.Çovdarovun hər bir rayon və ya bölgədəki əmlakının idarə edilməsini bu bölgədə yaşayan məhdud sayda yaxınlarına həvalə etməsidir. Bu isə o deməkdir ki, saysız-hesabsız daşınmaz əmlaka sahib olan Çovdarovun hər hansı rayondakı torpaq sahələrini, bağ və villalarını onun özündən və həmin rayondakı köməkçisindən başqa kimsənin bilmək ehtimalı olduqca aşağıdır. Odur ki, A.Çovdarovun sadəcə mülklərinin deyil, özünün də aqibətinin qaranlıq göründüyü indiki zamanda generalın bəzi yaxınları həmin əmlakın bir hissəsinə əl qoymaqla özlərinə gün ağlamaq istəyir. Onlardan bəzisi hesab edir ki, əgər nə vaxtsa etdikləri xəyanət A.Çovdarova bəlli olsa və general həmin vaxt da bu xəyanətin intiqamını almaq gücündə olsa, bunu MTN generalının əmlakını dövlət müsadirəsindən qorumaq məqsədi ilə qəsdən etdiklərini iddia edəcəklər. Başqa sözlə desək, bildirəcəklər ki, bu əmlakı özlərinin və ya yaxınlarının adına ona görə sənədləşdiriblər ki, dövlət bu əmlaka Çovdarovun digər əmlakları kimi həbs qoymasıdır, MTN generalının əmlakının heç deyilsə bir qismi qorunub saxlanılsın.
Mənbə hesab edir ki, hazırda A.Çovdarovun komandasında əmlak davası getdikcə güclənməkdədir ki, bu, məlum tendensiyanın yaxın gələcəkdə açıq müstəviyə keçəcəyini və ciddi qarşıdurmalara səbəb olacağını söyləməyə əsas verir.