Putinə Bakı sui-qəsdi – Şok video

28-12-2016, 00:34           

Rusiyanın “5-ci kanal”ında yayımlanan Andrey Karaulovun müəllifi olduğu “Həqiqət anı” verilişində Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsdlərə yer ayrılıb.

Axar.az xəbər verir ki, dekabrın 12-də yayımlanan proqramda verilişin aparıcısı indiyə qədər Kremlin sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdin təşkil olunduğunu söyləyib. Sui-qəsd yerlərindən biri kimi Bakı göstərilib. Verilişin Putinə qarşı Bakı sui-qəsdi barədə hissəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (Karaulov Heydər Əliyevi “Azərbaycanın əfsanəvi prezidenti” olaraq təqdim edir) Rusiya mətbuatına verdiyi açıqlama da yer alıb. Müsahibədə Prezident Əliyev Putinə sui-qəsdə qarşı lazımi tədbirlərin görüldüyünü bildirib:

“Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmırdıq. Onsuz da FSB bilirdi. Putinin Bakıya uçuşundan əvvəl onlar bilirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun həyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb”.

Verilişdə həmçinin o dövrdə Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Namiq Abbasovun 2003-ci ildə verdiyi müsahibə də yayımlanıb. Abbasov çıxışı zamanı Putinə qarşı sui-qəsdi planlaşdıran terrorçu haqqında məlumat verib:

“Bu, Milli Təhlükəsizlik Nazirliyinin builki fəaliyyətində ən gərgin iş idi. Bu şəxs İraq vətəndaşı Kənan Əhməd Rüstəmdir. O, həm Əbdürrəhman Buxari, həm Əbusəid Kürdi, həm də Kənan Əhmədoviç Maqomedov idi. Bu ləqəblərlə o, terrorçular dünyasında məşhur idi. Bu şəxs Əfqanıstan və Çeçenistanda təlim keçmişdi. O, çeçenlərlə bir yerdə vuruşmuşdu. Dəqiq demək mümkün deyil ki, o, nə zaman Putinə qarşı sui-qəsd planını hazırlayıb. Bu şəxsdə çoxlu sayda partlayıcı maddələr vardı. Bu, çətin sistem idi. İndiyə qədər bizim mütəxəssislər əldə hazırlanan partlayıcı qurğular arasında beləsini görməmişdilər. Sözügedən şəxs bombanı yerləşdirərək onu telefon vasitəsilə partlatmağı planlaşdırırdı. O, Putini məhz Bakı səfəri zamanı qətlə yetirmək istəyirdi”.

Karaulov verilişdə Rüstəmin indiyə qədər Azərbaycanda, Bakının 42 kilometrliyində yerləşən həbsxanalardan birində saxlanıldığını da açıqlayıb.

Verilişin Bakıya aid olan hissəsini və tam videosunu ayrı-ayrılıqda təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=thvFvfFNK6E]
[media=https://www.youtube.com/watch?v=TqD1Hap31Vs]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.