Ermənistan əsir düşən əsgərimizi bu erməni ilə dəyişdirmək istəyir - AMMA ŞƏRTLƏRİ VAR / FOTO

2-02-2017, 14:29           
Ermənistan əsir düşən əsgərimizi bu erməni ilə dəyişdirmək istəyir - AMMA ŞƏRTLƏRİ VAR / FOTO
"Azərbaycanlı əsirin vəziyyəti normaldır".

Məlumata görə, bu barədə açıqlamanı separatçı rejim rəhbərliyinin rəsmisi David Babayan deyib. Onun sözlərinə görə, əsir təhlükəsiz yerdədir.

Qondarma rejimin "rəsmisi" Elnur Hüseynzadənin bir neçə il öncə Ağdam rayonunda saxlanılmış erməni hərbçi Arsen Baqdasaryanla dəyişdirilə biləcəyi barədə suala cavab verib. O, hələlik bu barədə məsələ qaldırmağın çox tez olduğunu deyib.

Ermənistan Ordusunun əsir götürdüyü iddia edilən Elnur Hüseynzadə Bərdə rayonun Qullar kəndindəndir. İstiPress-in Qarabağ bürosunun Qullar kənd icra nümayəndəsi Nəsibə istinadən verdiyi məlumata görə, Elnur hərbi xidmətini başa vurduqdan sonra yenidən hərbi xidmətə yollanıb və müddətdən artıq hərbi xidmətdə olub. O, sonuncu dəfə ötən ay, yanvarın 25-də evlərində olub və ayın 30-da ailə üzvləri ilə görüşərək yenidən xidmətə yollanıb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni mətbuatının məlumatı yalandır. Cəbhədə heç bir aktiv döyüş toqquşması baş verməyib.

"Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən təxris olunub və hazırda hərbi xidmətdə deyil"

2014-cü ilin dekabrında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, düşmənin cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç ələ keçirilib.

A. Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.