Azərbaycanda ölümcül istilər gözlənilir? - Açıqlama

23-06-2015, 16:12           
Azərbaycanda ölümcül istilər gözlənilir? - Açıqlama
Pakistanda kəskin istilərin düşməsi yüzlərlə insanın ölümünə səbəb olub. Ən son məlumatlara görə, dəhşətli istidən ölənlərin sayı 572 nəfərə çatıb. Son günlər ölkəmizdə də havanın temperaturu yüksəlməyə başlayıb.

Maraqlıdır, Hindistan və Pakistandakı ölümcül istilər Azərbaycanda da müşahidə oluna bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, artıq bir neçə gündür ki, ölkə ərazisində günəşli hava şəraiti müşahidə olunur. Onun sözlərinə görə, ölkə ərazisində isti temperatur hökum sürür: “Temperaturun 30-34 dərəcə arasında dəyişməsi müşahidə olunur. Mərkəzi Aran rayonlarında havanın temperaturu 37-40 dərəcə arasında dəyişir. Belə hava şəraiti əvvəlki illərdə də müşahidə olunub. Temperatur bəzi iqlimlərdə normada, bəzi iqlim qurşaqlarında isə normadan yüksəkdir. Bu cür hava şəraitinin yaxın 2-3 gün ərzində davam edəcəyi gözlənilir. Belə ki, paytaxtda şimal küləyi gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək.

İyun ayının 24, 25, 26-da isə günorta saatlarında cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Paytaxtda gecə saatlarında 22-26, gündüz saatlarında 34 dərəcə isti olacaq. Bölgələrimizdə hava yağmursuz olacaq, gecə dağlıq ərazilərdə qısamüddətli yağış yağması ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə saatlarında 21-26, günorta isə 37-42 dərəcə arasında dəyişəcək. Dağlıq ərazilərdə gecə saatlarında 16-21, günorta saatlarında 27-32 dərəcə arasında dəyişəcək”.

G.Məmmədova onu da bildirdi ki, əvvəlki illərlə müqayisədə iyun ayında temperaturun yüksəlməsi müşahidə olunur.
Hindistan və Pakistanda can alan istilərin Azərbaycanda gözlənilməsinə gəlincə hidrometerioloq qeyd edib ki, bu barədə qabaqcadan proqnoz vermək mümkün deyil.

Onun sözlərinə görə, hava şəraitinin ancaq yaxın 3 günlük proqnozunu vermək mümkündür.

Gülşad Məmmədova bildirib ki, iyunun 24 və 26-da Abşeron yarmadasında zəif küləyin üstünlük təşkil edəcəyi gözlənilir, bəzi saatlarda havada rütubətliliyin çox olması temperatur diskonfortu, xüsusilə gündüz saatlarında meteohəssas insanlar üçün əlverişsiz olacaq. Buna görə də uzun müddət açıq havada qalmaq məsləhət deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.