Piyada keçidi ilə bağlı qayda: Onu pozan sürücüyə 100, piyadaya 50 manat cərimə...
1-05-2017, 15:04
Bir neçə gün öncə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin piyada keçidi ilə bağlı verdiyi açıqlama rezonansa səbəb olub. Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinə piyadalara yol verilməməsi ilə bağlı dəyişikliklər edilib.
Bundan sonra sürücülər piyada üçün ayrılan keçiddə ona yol vermək məcburiyyətində deyil. Yəni, sürücü piyadanın hərəkət surətinə, istiqamətinə mane olmamaq şərti ilə hərəkətinə davam edə bilər.
K.Əliyev mediaya açıqlamasında bildirib ki, sürücü piyadanın hərəkətinə, hərəkət sürətinə mane olmamalıdır: "Əgər şəxs piyada zolağına yeni ayaq basıbsa, sürücü ikinci zolaqla hərəkət edirsə, o, dayanıb piyadanı gözləməməlidir. Əgər sürücü dayanıb 4-6 saniyə piyadanı gözləyərsə, həmin ərazidə nəqliyyat sıxlığı yarana bilər. Bu baxımdan sürücü piyadaya mane olmamaq şərtilə yolu ilə hərəkət edə bilər. Və yaxud şəhərdə çox zolaqlı yollar var. Sürücü dayanıb piyadanı saatlarla gözləməməlidir".
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində bu yenilik deyil: “Kamran Əliyev sadəcə olaraq bu haqda məlumat verib. Bu o demək deyil ki, piyada keçidi ilə əlaqədar olaraq qanuna dəyişiklik edilib. 1972-ci ildən bəri belədir. Yəni, piyada yoldakı avtomobillərin sürətini nəzərə alaraq keçməlidir. Sürücü görəndə ki, piyada keçiddə hərəkət edir, bu zaman lazım gələrsə, ona yol verməli, sürətini azaltmalıdır”. Piyada qəflətən sürücünün qarşısına keçərək ona mane olarsa, bu zaman 100 manat cərimə oluna bilər. Sürücü də əsassız yerə piyadanı geri qaçmağa məcbur edərsə, bu zaman o, 50 manat cərimələnər”.