Bəzi saytların bloklanmasının səbəbləri – Açıqlandı
2-05-2017, 07:48
Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org, “Turan” telekanalı (“TuranTV”), “Azərbaycan saatı” teleproqramlarının (azerbaycansaati.com) və meydan.tv saytlarının bloklanması ilə bağlı mülki iddiası əsasında məhkəmə iclası keçirilib.
teref.az-nun Virtualaz.org-a istinadən məlumatına görə, prosesə hakim Nurəddin Bağırov sədrlik edib.
Məhkəmə iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədli bildirib ki, baş prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə məktub daxil olub. Məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlmiş materiallar yayımlanır: “Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib”.
Mayın 27-də Baş Prokurorluqdan gələn məktuba saytlarda gedən konkret məqalələr də əlavə olunub.
B.Məmmədli məqalələrin surətini saytların nümayəndələrinə təqdim edib. Saytların maraqlarını təmsil edən vəkillər heç bir hüquqi təsdiqi olmayan vərəqlərin sübut kimi qəbul olunmasına etiraz ediblər.
Vəkillərin suallarına cavab olaraq Bəxtiyar Məmmədli bildirib ki, nazirlik Baş Prokurorluğun gəldiyi nəticə ilə razılaşıb, özü əlavə heç bir araşdırma aparmayıb, prokurorluğun əsaslandırması ilə kifayətləniblər. “Azadliq.info”nun nümayəndəsi, vəkil Cavad Cavadov linqvistik ekspertizanın təyin olunması, həmçinin prokurorluğun da üçüncü tərəf qismində prosesə cəlb olunması haqda qərar qəbul edilməsini istəyib.
Hakim N.Bağırov bildirib ki, həm linqvistik ekspertiza, həm də prokurorluğun prosesə cəlb olunması məsələsinə növbəti məhkəmə iclasında baxılacaq.
Növbəti məhkəmə iclası mayın 3-nə təyin olunub.
Qeyd edək ki, adı çəkilən saytların bloklanması barədə Mərkəz mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.