Qəza törətdiyi üçün hakim qarşısına çıxarılan şəxsin vəkili də qəzaya düşdü
31-08-2017, 19:49
Avtomobil qəzası törətdiyi üçün hakim qarşısına çıxarılan şəxsin vəkili avtomobil qəzasına düşüb. Bu səbəbdən də məhkəməyə gələ bilməyib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümünə səbəb olan qəza törətməkdə təqsirləndirilən İlqar Teyfurovun cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi baş tutmayıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosedə məlum olub ki, təqsirləndirilən şəxsin vəkili Əbülhəsən Əmirov məhkəməyə gəlməyib.
Vəkilin Şamaxıdan Bakıya gələrkən avtomobil qəzasına düşdüyü məlum olub. Məhkəmə iclası sentyabrın 7-dək təxirə düşüb.
Qəzaya düşən vəkilin səhhəti yaxşıdır.
Qeyd edək ki, bu il aprelin 28-də Şamaxı şəhərində İlqar Teyfurovun idarə etdiyi "VAZ-21214" və Bakı şəhər sakini Nazim Manafovun idarə etdiyi "Wolksvagen" markalı avtomobillər toqquşub.
Nəticədə İ.Teyfurovun sərnişini, həmyerlisi Ramin Nəsirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
O, Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.
İ.Teyfurov həbs edilməyib. Onun barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.