Bakıda direktorun evindən 330 min apardılar - VİDEO

2-09-2017, 07:35           

Bakıda sabiq texnikum direktorunun evi qarət edilib. Mənzildən 330 min manata yaxın pul aparıblar. Hadisə avqustun 26-da paytaxtın Binəqədi rayonunda baş verib. Rayon polis idarəsindən verilən məlumata görə, keçmiş tibbi texnikumun direktoru Qardaşxan Orucov "102" Zəng Mərkəzinə məlumat verərək Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsinin sındırıldığını, mənzildə olan seyfdən 10 min dollar və dəyəri 311 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Binəqədi polisi istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin paytaxt sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov və Mirzəhüseyn Balayev tərəfindən törədildiyi müəyyən edilib və adı çəkilən şəxslər saxlanılıblar. Ruslan Məmmədov istintaqa ifadəsində qeyd edilən evdən başqa, Biləcəri qəsəbəsində yerləşən daha bir mənzildən qiymətli əşyyalar oğurladığını bildirib.
Ruslan Məmmədov sözügedən mənzildən oğurladığı qızıl-zinət əşyalarının bir qismini, eləcə də 2 ədəd qadın xəz dəri gödəkçəsini gizlətmək üçün qohumlarından birinə verib. Qeyd edilən qızıllar və digər maddi sübutlar Ruslan Məmmədovun gizlətdiyi evdən aşkar edilərək götürülüb. Ruslan Məmmədov taladığı qızıl-zinət əşyalarının bir hissəsini 15 min manata Bakı şəhər sakini, qızıl əşyalarının alqı-satqısı ilə məşğul olan Xanbaba Səfərova satıb. Qiymətli metalın oğurluq olduğunu bildiyi üçün adı çəkilən şəxs də saxlanılıb və ondan oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb. Xanbaba Səfərovun sözlərinə görə, Ruslanı bir dostunun vasitəsi ilə tanıyıb.
Qeyd edilən faktla bağlı Binəqədi rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri hələ davam etdirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.