Zakir Həsənov bacanağına xüsusi status verib - ilginc
28-08-2015, 16:04
Zakir Həsənov nazir təyin olunduqdan sonra bacanağı E.İbrahimov üçün heç bir ölkədə analoqu olmayan ştat – Mərkəzi Hərbi Həkim Komissiyasının sədri, Hərbi Tibb İdarəsinin rəis müavini ştatı yaradıb və bununla da hərbi sistemdə tibblə bağlı bütün məsələlərin həlli qeyri-rəsmi olaraq ona həvalə olunub.
20 ildən artıq orumuza rəhbərlik etmiş Səfər Əbiyev haqqında ilginc iddialar səsləndirilir. Bu iddialar içində sabiq Müdafiə Nazirinin qohumbazlıq siyasəti qalın xətlə keçir. Səfər Əbiyevin yaxın ətrafının və qohumlarının Müdafiə Nazirliyində yüksək vəzifələr alması və ya ordu sistemində hegemonluğu haqqında dəfələrlə yazılıb. Səfər Əbiyev vəzifədən alındi. Bundan sonra Müdafiə Nazirliyində durum necədir? Müharibə şəraitində olan ölkənin hərb sistemində qohumbazlıq siyasətinə son qoyulubmu?
Bu sualların cavabına keçməzdən öncə onu bildirək ki, yeni müdafiə naziri Zakir Həsənovun da kadr siyasətinə dair sərt tənqidi fikirlər var. Hətta cənab Həsənovun Müdafiə Nazirliyini Daxili Qoşunların paralel strukturuna çevirməsi haqda da iddialar eşidilir. Bu iddiaların nə qədər həqiqətə uyğun olub olmaması ilə bağlı mübahisə açmaq istəməzdik. Amma Müdafiə Nazirliyində aparılan kadr islahatlarının bəzi detalları haqda cumhuriyyet.az-a daxil olan məlumatlar diqqət çəkir.
Belə ki, Silahlı Qüvvələrimizin strateji əhəmiyyətli tibb müəssisələrindən biri hesab olunan, demək olar ki, ordunun bütün şəxsi heyətinin orduya yararlıq dərəcəsinin müəyyən edildiyi məkan sayılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına bu səhədə yetərincə bir bilik və təcrübəyə malik olmayan, daxili qoşunlardan transfer olunmuş bir xanım gətirilib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən təyinatın arxasında yeni müdafiə naziri Zakir Həsənovun bacanağı, Hərbi Tibb İdarəsinin rəis müavini, Mərkəzi Hərbi Həkim Komissiyasının sədri, bu yaxınlarda (Z.Həsənov nazir təyin olunduqdan sonra) “əməkdar həkim” adı almış Elxan İbrahimov dayanır.
Əlbəttə, kimlərinsə qohum olması və eyni strukturda yüksək post tutması qəbahət deyil. Amma bəzi məqamlara diqqət yetirdikdə, E.İbrahimovun indiki yüksəlişinin məhz nazir qohumu ilə bağlı olduğuna dair ciddi şübhələr yaranır. Çünki, onun tibbi əmək fəaliyyəti dönəmində ciddi bir uğuru olmayıb. Qarabağ savaşı dönəmində E.İbrahimov nəinki cəbhə xəttindən, ümumiyyətlə hərbi tibbi sistemdən kənarda olub. Həmin vaxtlarda o, dəri zöhrəvi dispanserdə çalışıb. E.İbrahimovun tutduğu ən yüksək post isə Daxili Qoşunların poliklinika rəisi vəzifəsi olub.
Z.Həsənov nazir təyin olunduqdan sonra bacanağı E.İbrahimov üçün heç bir ölkədə analoqu olmayan ştat – Mərkəzi Hərbi Həkim Komissiyasının sədri, Hərbi Tibb İdarəsinin rəis müavini ştatı yaratdı və bununla da hərbi sistemdə tibblə bağlı bütün məsələlərin həlli qeyri-rəsmi olaraq ona həvalə olundu. Bununla da iş bitmədi, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına xüsusi qayğısı da özünü qısa zamanda göstərdi. Hərbi tibb müəssisələrində ixtisarlar aparıldığı bir zamanda süpürgəçisi və sürücüsü də daxil olmaqla uzun illər boyu sayı 14 nəfəri ötməyən Hərbi Həkim Komissiyasının ştatı fantastik həddə qədər böyüdülərək 100 nəfərə çatdırıldı. Tibb müəssisə rəhbərlərinin bir çoxu hələ də köhnə “QAZ-31”-də gəzdiyi halda komissiyanın həkimləri ən son model xarici avtomobillərlə təmin olundu…
Və nəhayət sonda peşəkar və döyüş yolu keçmiş kadrlar bir kənarda qalır və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına bir xanım baş həkim təyin olunur… Bu Müdafə Nazirliyindəki rəhbər dəyişikliyindən sonra hələ də saxlanılan qohumbazlıq siyasətinin bir faktı idi. Bizi izləyin. Mövzunu davam etdirəcəyik… (cumhuriyyet.az)