“Hazırda Dilçilik İnstitutun direktoru kimi işimin başındayam” - Möhsün Nağısoylu
28-08-2015, 20:55
“Mən hazırda institutun direktoru vəzifəsində çalışıram və adi günlərdə olduğu kimi bu gün də iş başındayam”.
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, bu il iyulun 24-də AMEA rəhbərliyinin sərəncamı ilə Nəsimi adına Dilçilik İnstitutunun direktoru təyin edilib və həmin tarixdən etibarən öhdəsinə düşən vəzifəni yerinə yetirməyə başlayıb: “Bu müddət ərzində ilk növbədə İnstitutun strukturu, şöbələrin planları ilə tanış olub, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə bağlı institut əməkdaşları ilə söhbət aparıb, müvafiq sənəd və materialları nəzərdən keçirmişik. Göstərilən müddətdən bu günə kimi bütün iş günlərində institutda olmuşam. Nəşr olunan “Türkologiya” jurnalının əməkdaşları, Qədim dillər və mədəniyyətlər, Terminologiya, Nəzəri dilçilik, Tətbiqi dilçilik şöbələrinin monitorinq qrupunun rəhbərliyi və elmi işçiləri ilə söhbətlər aparıb, indiyə kimi görülən işləri nəzərdən keçirərək gələcək planlar barədə danışmışıq. Konkret bu il ilk dəfə olaraq institutun magistraturasına daxil olan magistrantların təhsili ilə bağlı məsələləri müzakirə etmişik”.
M. Nağısoylu əlavə edib ki, hazırda məzuniyyət dövrü olmasına baxmayaraq, institutun elmi işlər üzrə direktor müavini və bir sıra əməkdaşları öz işlərini davam etdirirlər: “Hazırda institutun kollektivi payız mövsümünə hazırlıq işlərini davam etdirir və qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə qadirdir”.
Qeyd edək ki, Dilçilik İnstitutunun istefa verən direktoru, akademik Tofiq Hacıyev APA-ya açıqlamasında bildirmişdi ki, o, istefa barədə ərizəsini geri götürəndən sonra Möhsün Nağısoylu institutut rəhbərliyindən imtina edib.