“Accessbank”ın işçiləri evi basdı, vətəndaş intihara qalxdı
20-04-2015, 17:18
Bakıda “Accessbank”a olan borcuna görə vətəndaş intihara cəhd edib. Tia.az-a verilən xəbərə görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. İntihara cəhd edən şəxsin həyatı xilas edilib.
Bank əməkdaşları vətəndaşın evinə basqın edərək gecikdirilən kredit borcunu tələb ediblər. Onlar kredit ödəyicisinin ev əşyalarını müsadirə etməyə başlayıb. Daha əvvəl isə onu aldadaraq əlavə müqaviləyə qol çəkdiriblər. Vətəndaşın evinə hücum edənlər bankın Nazim və Fuad adlı əməkdaşları olub. Tia.az hələlik onun kimliyini açıqlamır.
Qeyd edək ki, bu bankdan tez-tez mətbuata şikayətlər olunur. Cəlilabad rayonu Qarazəncir kənd sakini Bayramov Camalxan İsa oğlu tərəfindən şikayət məktubu daxil olub:
“Access Bank” Qeyri-Bank kredit təşkilatı yeznəm Əhmədov Fikrət Zahidxan oğluna nə az, nə çox -29 faizə 7000 manat kredit vermişdir. Onun 5 ayını ödədikdən sonra yeznəm Fikrət qəflətən yol avtoqəzasına düşərək vəfat etdi. Vəfat etdikdən sonra da üstündə yığılan puldan kreditin 3 ayı ödənmişdir. 3 körpə uşaqları qaldı. İndi Bankın “işgüzar” işçiləri yaxamızdan yapışıb qalan pulu tələb edirlər.
Access Bankın rəhbəri Hoffmann Azərbaycan xalqından nə istəyir? Yadelli bir adama bu səlahiyyətləri kim verib? Bizim ölkədə bank ölən adamın da evini əlindən ala bilir, dəfələrlə bu cinayətin şahidi olmuşuq”.