“Neftçi” işini çətinə saldı: iki top buraxmağın iki səbəbi...
10-08-2019, 11:53

“Neftçi” “Bney Yehuda” ilə qarşılaşmada nə hücum futbolu oynayırdı, nə müdafiə; klub bir həftə sonra Bakıdakı kimi oynayarsa...
Avropa Liqasının 3-cü təsnifat mərhələsində Bakıda “Neftçi”nin İsrailin “Bney Yehuda”klubunu asanlıqla məğlub edə biləcəyi haqda proqnozlar vardı. Hesab olunurdu ki, püşk bakılılara asan rəqib qismət edib və Robert Bordinin yetirmələri mərhələnin taleyini Bakıda həll edə biləcəklər.
Hər halda, kimsə demirdi ki, yəhudi klubu Tula “Arsenal”ından güclü müqavimət göstərə bilər. Yalnız praqmatiklər qonaq komandanın Avroliqada təcrübəsinə istinad edirdilər. Doğrusu, bu səbəbdən oyuna şəxsən bəndənizdə xüsusi maraq yox idi. Amma oyuna baxdıqca iki məqam artıq ekrana kilindlənməyə bəs edirdi. “Neftçi” “Arsenal” la xüsusilə Bakıda oynayan komanda deyildi, “Bney Yehuda” isə bura uduzmağa gəlməmişdi.
Əksinə, bu klub qələbəni əldən vermələrinə baxmayaraq, daha mütəşəkkil və intizamlı oyunu ilə yaddaş qaldı. Oyun boyu vaxt uzatmalardakı artistliklər hətta adlı-sanlı klublarda da rast gəlinən hadisələrdir və bunun üzərində kluba yüklənmək doğru deyil. Məsələn, o “artistlərdən” biri matçın son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu Bakıdakı xəstəxanaların birinə aparılıb. Ona dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub. Mərkəz müdafiəçisi qolu gipsli halda gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı hotelə qayıdıb. Ben Ari İsrailə döndükdən sonra növbəti dəfə tibbi testlərdən keçəcək və onun son durumu məlum olacaq.
Yəni deməyimiz odur ki, “Neftçi” niyə belə oynayırdı ki, yalnız son dəqiqədə məğlubiyyətdən qaça bildi? Məncə, birinci səbəb psixoloji ola bilərdi. Klub “Arsenal”ı asanlıqla keçmiş, son oyunlarda qapısını toxunulmaz saxlamış və xeyli qollar vurmuşdu. İkinci səbəb isə taktiki planda nəzərə çarpırdı. “Neftçi” nə hücum futbolu oynayırdı, nə müdafiə. Hücum yox idi və heç müdafiə də əvvəlki tək etibarlı deyildi. Müdafiənin buraxdığı kobud səhvləri isə İsrail klubu bağışlamadı. 26-cı dəqiqədə Tambi, bundan 10 dəqiqə sonra isə Qadir hesabı 0:2 etdi. “Neftçi” bu qolların şokundan oyunun sonunadək çıxa bilmədi və çoxlu səhvlərə yol verməkdə davam etdi. Monroz oyunun 43-cü dəqiqəsində “Bney Yehuda” müdafiəsinin çaşqınlığından istifadə edərək qol vura bilməsəydi, “Neftçi” çətin ki, məğlubiyyətdən yaxa qurtara bilərdi. İkinci hissədə də “Neftçi” hücumlarım kəsərini və sayını artırsa da “Bney Yehuda”ya yerini göstərə bilmədi. Bu klubun müdafiədə etibarlı oynadığı və əks hücumlarda çox təhlükəli olduğu göründü. “Neftçi”nin futbolçusu Dario Frederiko “Bney Yehuda”nın Tula “Arsenal”ından daha zəif rəqib olduğu barədə deyilənlərin oyuna təsir etməsi barədə iddialardan danışıb. “Deməzdim ki, sosial şəbəkələr və mediada verilən şərhlər bizə əks təsir etsin. İndiki zamanda futbolda zəif və güclü komanda anlayışı yoxdur. Bəzən zəif sayılan komanda güclüyə qalib gəlir. Bu da futbolçuların əzmkarlığından asılıdır. Bunların təsir etdiyini deməzdim”.
****
“Birinci hissə bizim üçün yaxşı alındı, bir neçə təhlükəli epizod yaratdıq, iki qol vurduq. Amma sonra yorulduq. Çünki bu, bizim ilk rəsmi oyunumuz idi”. “Bney Yehuda”nın baş məşqçisi Yossi Abukasis mətbuat konfransında belə deyib. O, “indiyə qədər belə biabırçı oyun görməmişdim. Futbolçularınız vaxt uzadır, azarkeşlərin əsəbləri ilə oynayırdılar. Buna görə utanırsız” sualına eyni kəskinliklə cavab verib: “Belə axmaq suallara cavab verməyəcəm”.
Qeyd edək ki, 48 yaşlı məşqçi oyun boyu çox aqressiv təsir bağışlayırdı və ara-sıra ekranda “Neftçi”nin italiyalı məşqçisi ilə ağızlaşdığı görünürdü.
Yossi Abukasis deyib ki, İsraildəki oyunda hansı taktika seçəcəkləri və komandaların şansları barədə indidən nəsə deməyəcək: “Bu barədə hələ heç nə deyə bilmərəm. ”Neftçi" çox güclü komandadır. Təəssüf ki, biz cavab görüşünə qədər əlavə oyunçu sifariş ərizəsinə sala bilməyəcəyik. Oradakı matçın necə nəticələnəcəyini həyat göstərəcək."
“Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib ki, İlk dəqiqələrdən rəqib 8-9 oyunçu ilə müdafiə olunub: “Hətta bəzən 2 hücumçu da onlara qoşulurdu. Rəqib bütün komanda ilə müdafiə olunurdu. İlk hissədə geridən hücum qurmaqda çətinlik çəkdik. Bu baxımdan rəqibə əks-hücumlar təşkil etməyə şərait yaratdıq. Hətta hesab 0:2 olmamışdan əvvəl də rəqib qapısında təhlükəli vəziyyətlərimiz var idi. Hesabda geri düşməyimizə baxmayaraq, komanda toparlandı və sona qədər vuruşdu. Müdafiədə bəzi boşluqlarımız var. Bunu həftəboyu düzəltməyə çalışacağıq. Oyunçularımız xarakter göstərdilər. Cavab oyununda da bunu təkrarlamağa çalışacağıq”.
Bordin deyib ki, komanda qol vurursa, burda tək hücumçunun payı olmur: “Eləcə də müdafiə olunanda qol buraxırıqsa, bu, hamının səhvidir. Bunun üzərində işləyəcəyik. Rəqib bütünlüklə müdafiəyə çəkilmişdi. Səhvimiz oyunu ortadan qurmaq idi. Bu da bizə baha başa gəldi. Komandama inamımız böyükdü və inanırıq ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq”.
***
“Neftçi” Bakıda işini çətinə saldı. Bordinin optimizminə baxmayaraq, klub Bakıdakı kimi oynayarsa, nəticə fərqli olmaya bilər. Yada salaq ki, hətta qolsuz bərabərlik rəqibi növbəti mərhələyə çıxarır. “Neftçi”nin bu klubla oyunda büdrəməsi həqiqət də üzücüdür. Klub çempionatda çempionluğu necə əldə verdisə, eyni tale ilə Avroliqda da üzləşə bilər. Bu isə klub adına böyük uğursuzluq sayılacaq.
Cavab matçı avqustun 15-i Bakı vaxtilə saat 21:00-da start götürəcək. Petak Tikva şəhərindəki “Ha Moşava” stadionunda keçiriləcək görüş “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. “Ha Moşava” 2011-ci ildə tikilib, “Hapoel” və “Makkabi” də oyunlarını bu stadionda keçirir. 25 milyon ABŞ dollarına tikilən stadion 20 min tamaşaçı tutur.
ORXAN,
“Yeni Müsavat”