Onun Dünya Kubokunu qazanacağını bilmirdik - Səfir
8-10-2019, 05:59

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının ildönümü ilə bağlı təntənəli mərasim üçün yer seçimi edərkən Ankaradakı Şahmat Mərkəzini müəyyən edəndə qrossmeysterimiz Teymur Rəcəbovun belə bir mühüm qələbə qazanacağını bilmirdik. Lakin Teymurun qələbəsi sevincimizə sevinc qatdı. Xoş təsadüfdən Teymur Rəcəbovun Dünya Kubokuna sahib olması xəbərini Türkiyənin Gökyay İdman və Mədəniyyət Vəqfinin Şahmat Muzeyində eşitdik. Bir sözlə, bu xoş xəbəri Türkiyənin Şahmat Muzeyində eşitməyimiz çox əlamətdar hadisə idi.
Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərtac-a açıqlamasında deyib.
“Türkiyənin Gökyay İdman və Mədəniyyət Vəqfinə hədiyyə etdiyimiz şahmat taxtası ABAD (Ailə Biznesinə ASAN Dəstək) tərəfindən hazırlanan nadir nümunədir. Bu mənada keçirdiyimiz tədbir, təqdim etdiyimiz hədiyyə və qrossmeyster Teymur Rəcəbovun qələbə xəbəri ümumilikdə Azərbaycan dövlətinin inkişaf göstəricilərini təcəssüm etdirir”, - səfir qeyd edib.