"Lion" prezidenti öz maaşını 30 faiz azaltdı
13-05-2020, 08:45

"Lion" futbol klubunun prezidenti Jan-Mişel Olyas öz maaşını azaltmağa qərar verib.
Bu barədə “Report” Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, o, öz maaşını 30 faiz azaldıb. Məlumata görə, klubun rəhbəri bu addımı koronavirus pandemiyasının səbəb olduğu maliyyə böhranı zamanı komandanın əməkdaşlarını dəstəkləmək üçün atıb.
"Lion"un İcraiyyə Komitəsinin üzvləri də Olyasdan nümunə götürüblər. Bildirilir ki, onlar da öz maaşlarını 15% azaldıblar.
Xatırladaq ki, koronavirus pandemiyasına görə Fransa çempionatı vaxtından əvvəl başa çatıb, ölkə çempionu "Pari Sen-Jermen” elan edilib.
Fransada koronavirusdan 26 991 nəfər ölüb. Hazırda xəstəxanalarda 21 595 insan müalicə olunur.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.