9 qat dünya çempionu Fərid Mansurovun fikirlərinə etiraz etdi
6-09-2020, 11:18

Azərbaycan Mautay Federassiyasının vitse-prezidenti, kikboksinq üzrə 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurovun bəzi idmançıları dırnaqarası dünya çempionu adlandırmasına etiraz edib.
Teref.az-ın xəbərinə görə, A.Musayev deyib: "Fərid müəllim, Sizin kimi digər idmançılar da neçə-neçə idman yarışlarında Azərbaycanın bayrağını qaldırıb, himnimizi səsləndirib. Amma həmin bayrağı qaldıran, himnimizi səsləndirən bəzi idmançıları dırnaqarası adlandırmaq, "bir-iki adamı udub özünü çempion hesab edir", demək nazirlik əməkdaşı kimi nə dərəcədə düzgündür? Bəs həmin idmançıların üzvü olduğu federasiyalar qeydiyyatdan keçməyib? Yaxud keçibsə, onların fəaliyyətinə niyə nəzarət olunmur, niyə idmançılar Olimpiya və qeyri-Olimpiya növləri üzrə yarışdıqlarına görə ayrı-seçkiliyə məruz qalır? Necə olur ki, bu gün Azərbaycan idmançılarının uğurları barədə hesabat verəndə Nazirliyin iş əmsalını artırmaq məqsədilə onlar say artırmaq üçün statistikaya daxil edilir, amma mükafatlandırmaya gələndə ayrı-seçkiliyə yol verilir? Bu cür ifadələri işlətməyi nazirlik rəsmisinə rəva bilmirik. Yaxşı olar ki, sosial şəbəkədə çıxış edəndə federasiyaların konkret adını, fəaliyyətini göstərəsiniz, ad çəkəsiniz".(Pravda.az)